Rus oliqarxların Virgin adalarındakı məxfi hesablarda gizlədilmiş milyardları
Böyük Britaniyanın dənizboyu əraziləri üzrə naziri (Minister for Overseas Territories) Amanda Millinq rusiyalı oliqarxların sanksiyalardan yayınmaq üçün öz milyardlarını ofşor zonalarında açılan məxfi hesablarda gizlətməsinin qarşısını almaq üçün Britaniya Virgin adalarına uçub.
AFN.az virtualaz.org-a istinadən xəbər verir ki, Böyük Britaniyanın vergi cənnətləri rusiyalı oliqarxlar üçün sanksiyalardan yayınmaq imkanı yarada bilər və artıq onlardan bəzilərinin öz aktivlərini ofşor zonalara köçürdüyü haqda xəbərlər var.
Nazir bu cür xəbərlər fonunda təcili müzakirələr aparmaq üçün Virgin adalarına yollanıb və bildirilir ki, Amanda Millinq yerli hakimiyyətlə Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bu ofşor zonasında tətbiq edilməsinin yollarını müzakirə edəcək.
Britaniyanın adalarında da bu sanksiyalar qanuni qüvvəyə malikdir və hüquq-mühafizə orqanları ofşor zonada qeydiyyatdan keçmiş şirkətlərin benefisiarlarının reyestrinə birbaşa çıxışa malik olmalıdır.
Bildirilir ki, Britaniya hökuməti bu addımı “The Guardian” qəzetinin Rusiya oliqarxlarının və məmurlarının ofşorlarda gizlədilmiş sərvətləri barədə seriya məqalələrinin ardınca atıb. Nazirin dörd günlük səfərinin ardınca Böyük Britaniya hökuməti yaxın həftələrdə adalar hökumətlərində korrupsiya araşdırmalarına dair hesabatı dərc etməlidir. Gözlənilir ki, bu hesabatda Virgin adaları hökumətinin rəhbəri Endryu Fahi barədə tənqidi faktlar yer alacaq.
Nazir Millinq baş nazir Fahi və Bitaniya Virgin adalarının maliyyyə xidmətləri sənayesinin nümayəndələri ilə görüşərək onlara Böyük Britaniya hökumətinin tətbiq etdiyi sanksiyalara əməl edilməsinin vacibliyini çatdırıb. Ada hökumətində vəd ediblər ki, sanksiyalara uyğun olaraq oliqarxların Virgin adalarında yerləşdirdikləri aktivlərə də həbs qoyulacaq.
Bildirilir ki, rusiyalı oliqarx Aleksey Mordaşov Böyük Britaniyanın sanksiyaları altına düşdüyü gün 1,3 milyard dolları Virgin adalarındakı ofşor hesabına köçürüb. Habelə “The Guardian” digər nəşrlərlə birlikdə müəyyən edib ki, “Arsenal”ın səhmdarı Əlişir Usmanovun Surrey qəsri və Londondakı mülkləri Virgin adalarında qeydiyyatdan keçmiş investisiya fondlarının mülkiyyətinə keçirilib.
Lakin indi Vircin adalarının və digər offşor zonaların administrasiyaları Böyük Britaniyanın hüquq-mühafizə orqanlarına aktivlərin reyestrlərini açır. Nazir Millinq səfər zamanı ada hökumətinə tapşırıb ki, aktivlərin benefisiarlarının bütün reyestrini ictimaiyyətə açsın. Hansı ki, benefisiarların ofşorlarda gizlədilməsi indiyədək korrupsioner məmurlar və oliqarxlar üçün ən güclü silah idi. Böyük Britaniya hökuməti israr edir ki, belə publik reyestr 2023-cü ilin sonlarına qədər hazır olmalıdır. Amma bəzi ofşor zonaların administrasiyaları hələlik bu tələbə müqavimət göstərir.