Ceyhun Aşurov: “Turizmə yaxın müddət üçün qazanc mənbəyi kimi baxmaq tərəqqiyə deyil, tənəzzülə gətirib çıxarır”


Aprelin 27-də “Skal Baku” klubu “Home Suites Halal” hotelində klub üzvləri və mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil edib.


Qarşılıqlı fikir mübadiləsi və maraqlı müzakirələrlə davam edən tədbirdə “Skal Baku” klubunun sədri Ceyhun Aşurov bildirib ki, Azərbaycanın da təmsil olunduğu “Skal İnternational” turizm peşəkarları assosiasiyasının dünyanın 103 ölkəsində klubları fəaliyyət göstərir və 12 min nəfərə yaxın turizm peşəkarını birləşdirir. Yeganə təşkilatdır ki, turizmin bütün sferalarını əhatə edir. Aprelin 28-də bu qurumun yaranmasının 88 ili tamam olur. Azərbaycan da artıq 13 ildir bu təşkilatın üzvüdür. Pandemiyanın yaratdığı bütün çətinliklərə rəğmən, ölkəmiz mümkün qədər təşkilatın bütün toplantılarında iştirak etməyə çalışır.

“Skal Baku”nun rəhbəri onu da qeyd etdi ki, son illər turizm sahəsi böyük sınaqlarla üz-üzə qalıb. Pandemiya bitdi, indi də geosiyasi məkanlarda baş verən münaqişlər insanların səyahət etməsinə imkan vermir. Baş verənlər təbii ki, Azərbaycan turizm bazarına da yaxından təsir edir: “Həm Rusiya, həm də Ukrayna turizm bazarları dünya turizmi üçün kifayət qədər ciddi bazarlardır. Təsəvvür edin ki, hər il təkcə Rusiyadan 45 milyona yaxın insan müxtəlif ölkələrə turist səfərləri edirdi. Bu səfərlər zamanı onlar təxminən 36 milyard dollar pul xərcləyirdilər. Bu baxımdan Rusiya-Ukrayna müharibəsinin dünya turizminə ciddi təsirləri olacaq.

Hazırda müşahidələr onun deməyə əsas verir ki, Azərbaycanın turizm bazarındakı vəziyyət fərqlidir. Qiymət bazarında baş verənlər, həm turizm şirkətləri, həm hotellər tərəfindən bəzən host qiymətinə edilən təkliflər ölkə turizmi üçün ağır nəticələrə gətirib çıxara bilər. Uzunmüddətli hədəflərə nail olmaq üçün keyfiyyətə üstünlük vermək vacibdir. Turizmə yaxın müddət üçün qazanc mənbəyi kimi baxmaq tərəqqiyə deyil, tənəzzülə gətirib çıxarır”.
Tədbirin baş tutduğu “Home Suites Halal” hotelinin fəaliyyətinə toxunan Ceyhun Aşurov bildirdi ki, Azərbaycanda yeganə halal adı olan hoteldir. Uzunmüddətli dövrdə bu seqmentin öz müştərilərinin olacağı şübhəsizdir. Hotel bu il müxtəlif universitetlərin turizm fakültələrindən müraciət edən bütün tələbələri təcrübə keçmək üçün qəbul edib, 54 nəfərdən artıq 4 nəfəri hoteldə işlə təmin olunub, 5 nəfərə isə təqaüd ayrılıb.

Daha sonra İqtisadi Resursların Araşdırma Mərkəzinin sədri Ruslan Atakişiyevin “İslam maliyyə sistemi və adətləri” mövzusunda təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılandı və onların çoxsaylı sualları ilə müşayiət edildi.

Fəxriyyə Abdullayeva










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu