“Skal İnternational”a üzvlük Azərbaycan turizminin təbliğinə xidmət edir


“Smart Hotels Management” hotel idarəetmə şirkətinin təsisçisi və rəhbəri Ceyhun Aşurov Rusiyanın “Turizm və mədəniyyət industriyası” jurnalına müsahibəsində Azərbaycanın “Skal İnternational” beynəlxalq turizm peşəkarları assosiasiyasına üzvlüyündən və bunun ölkənin turizm sektoru təmsilçilərinin qonaqpərvərlik sənayesindəki fəaliyyətinə göstərdiyi müsbət təsirlərdən danışıb.


AFN.az-ın xəbərinə görə, təşkilatın Bakı klubuna rəhbərlik edən mütəxəssis qeyd edib ki, “Skal İnternational” turizm mütəxəssisləri üçün qlobal şəbəkə kimi çıxış edən beynəlxalq təşkilatdır. 1934-cü ildə yaradılıb və hazırda baş ofisi İspaniyadadır. Bu gün dünyanın 90 ölkəsində 350 Skal klubu fəaliyyət göstərir, onların cəmi 12 min üzvü var. Onlar mehmanxana rəhbərləri, turizm şirkətlərinin rəhbərləri, avtomobil icarəsi şirkətləri, restoranlar - bir sözlə, turizmin bütün sahələrinin nümayəndələridir. Yəni rəqəmlər bu təşkilatın miqyasını və imkanlarını açıq şəkildə göstərir.
Ceyhun Aşurov bildirib ki, bu təşkilata üzvlük üçün bir sıra şərtlər yerinə yetirilməlidir, ilk növbədə bu, istirahət sahəsində minimum üç illik təcrübədir: “Bu təşkilat bazar mütəxəssislərinə nə verir? İlk növbədə, bunlar bütün dünya üzrə həmkarları və tərəfdaşları ilə işgüzar əlaqələrdir. Axı Skalın devizi “Doing business between friends” (“Dostlar arasında biznes aparın”) dir, başqa sözlə, təşkilat üzvlər arasında işgüzar tərəfdaşlıq əlaqələrini güclü şəkildə dəstəkləyir.
Dünyanın müxtəlif yerlərində keçirilən sərgilərdə və təqdimatlarda iştirak edərkən biz əminik ki, Skal stendini tapacağıq və dostlarımız bizi hər yerdə səmimiyyətlə qarşılayır. Bu quruma üzvlük həm də ölkəmizin turizm imkanlarını təbliğ etməyə, buraya daha çox qonaq cəlb etməyə imkan verir. “Skal İnternational Baku” 2009-cu ildə yaradılıb, mən onun dördüncü prezidentiyəm. Klubumuz özündə 50 turizm mütəxəssisini birləşdirir və “Skal İnternational”ın MDB məkanında yeganə filialıdır”.
Sonda Skal təmsilçisi qeyd edib ki, turizm təkcə insanların bir nöqtədən digərinə hərəkəti deyil. Bu sektor çoxlu iş yerlərinin açılmasına töhfə verir, bir çox ölkələrdə turizm gəlirləri dövlət büdcəsinin formalaşmasında yüksək paya malikdir: “Amma ən əsası turizm bütün dünyada insanlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, Yer üzündə sülhün və firavanlığın bərqərar olmasına öz töhfəsini verir. Səyahət edərək insanlar başqa xalqların mədəniyyətini daha yaxşı öyrənir, anlayır və qəbul edir, onların mətbəxi, tarixi abidələri ilə tanış olurlar. Biz isə turizm sənayesinin nümayəndələri olaraq bu işdə onlara kömək etməyə, onların istirahəti üçün ən yaxşı şəraiti yaratmağa borcluyuq ki, təkrar-təkrar bura qayıtmaq arzuları olsun”.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu