Ukraynada müharibədə daha bir jurnalist həlak olub


Rusiyanın martın 11-12-də Kiyev vilayətinin Brovarı rayonunun Şevçenko kəndinə artilleriya hücumu nəticəsində jurnalist Oksana Qaydar həlak olub.


UNIAN xəbər verir ki, bu barədə Ukrayna Jurnalistlərinin Milli Birliyinin başçısı Sergey Tomilenko məlumat verib.

Onun sözlərinə görə, hadisə martın 11-12-də baş versə də, Oksana Qaydarın ölüm faktı indi məlum olub.

S.Tomilenko bildirib ki, Qaydar əsasən tarixi mövzularla bağlı yazılar yazıb. O, sosial şəbəkədə “Ruda Pani” təxəllüsü ilə paylaşımlar edirmiş: “Qaydar esselərini, şərhlərini əri və oğlu ilə birlikdə yaşadığı Moskvadan yazırdı. Ancaq Rusiyanın hərbi müdaxiləsi başlayandan sonra anasının yanında omaq üçün Ukraynaya qayıdıb”.

O deyib ki, Oksana Qaydar Kiyevdə jurnalist ailəsində anadan olub. Atası Yuri Qaydar “İdman qəzeti”nin redaktor müavini olub. O.Qaydar Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib.

Xatırladaq ki, aprelin 29-da Xarkov vilayətində gedən döyüşdə jurnalist və hərbçi 33 yaşlı Maksim Medinski həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu