Səbailin icra başçısı Vüqar Zeynalov “teras” biznesinin başında dayanır...

Dünəndən bütün əlaqədar dövlət qurumları üç meymunu oynayırlar. Şəhərin mərkəzində o boyda parkinq salınıb, heç birinin xəbəri olmayıb. O dəfə Bibiheybət yolunda FHN generalının üç mərtəbəli obyektindən də sökülmə əmri çıxandan sonra xəbər tutmuşdular.
Madam ki, xəbərləri yoxdur, birini də mən deyim, xəbərdar olsunlar. Şəhərin ən mərkəzi küçəsində - bütün məmuların “Torqovıy” kimi tanıdığı ərazidə hər gün küçəyə doğru çıxan “teras”lardan keçmək olmur.
Öncə “teras” artırılır, sonra “zontik”lə bir az da önə çəkilir, sonra da gül-çiçəklə daha da yola doğru artırılır. Hacıbalanı heç birimiz bəyənmirdik, ancaq adam Bakını doğrudan da qoruyurmuş. Dünənki parkinqdən də xəbərsiz Eldar Əzizov işin nə qədər içindədir, bilmirəm. Ancaq hər gün əlinə metrə alıb, obyektləri gəzən Səbailin icra başçısı Vüqar Zeynalov bu “teras” biznesinin başında dayanır. Rayona təyin olunandan bir mismar belə vurmayan bu şəxsin işi-gücü restoranlara “teras” satmaqdan ibarətdir. Hətta “zontik”ini yeniləmək istəyənlər üçün belə ayrı “tass” qoyub. Və bütün bunlar Azərbaycanın və Bakının ən mərkəzi rayonunda baş verərkən, digərlərini təsəvvür etmək belə mümkün deyil. O səbəbdən, icra başçısının “kuklası” olan bələdiyyə sədrini ya da JEK müdirini cəzalandırmaq gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bu işlərdə əli olan bütün qurumların qara maskalı qardaşa ehtiyacı var. Elə BŞİB-in də, BNA-nın da, ARKİ-nin də, müvafiq icra hakimiyyətlərinin də…
Aqil Ələsgər, YeniÇağ Media Qrupunun rəhbəri