Yeri Cənnət Şəhid qardaşım!

Ermənilər şəhid qəhrəmanımız Mübariz İbrahimovun nəşinin şəkillərini yaydılar. Düzünü deyim, bir müddət şəkillərə baxa bilmədim. Ürəyim gəlmədi. Öncə yazısını oxudum. Erməni vəhşiliyi hər məqamda, hər addımda olduğu kimi, burada da özünü göstərirdi. Şəkilləri internet saytında yerləşdirib, öz xislətlərinə uyğun olan qeyri-etik şərhlər veriblər.
Ay yarımdan çoxdur “meyit bizdə deyil” deyə bütün dünyanın üzünə duran alçaqlar utanmazcasına dünyanın istifadə etdiyi bir saytda polemika açıblar. Guya Mübariz onların dədə-babasının torpağını basıb deyə öldürüblər. Sözün açığı, bu həyasızlığın qarşılığında ürəyimdən çox şeylər keçir, amma yaza bilmirəm. Mən də erməni deyiləm ki, səviyyəsizlik edəm...
Şəklə baxdım... Ölüsü belə ermənilərə meydan oxuyan bir şəhid gördüm. Məğrurluq, qorxmazlıq və təbəssüm donmuşdu üzündə. Bəlkə də ölümündən əvvəl canını aldığı dığalar o qədər yandırmazdı düşməni, amma üzündəki təbəssüm onlara dağ çəkib, bilirəm ki. Hiss olunur, nəşindən belə qorxur erməni dığası onun, əllərini də bağlayıblar. Qorxaqcasına... Vəhşicəsinə...
Bilirəm, indi Mübarizin ata-anası, yaxınları nələr çəkir. Oğlunun, əzizinin ölüm xəbəri bir yana, onun meyitini belə görməmək, adət-qaydası ilə dəfn edə bilməmək böyük dərddi. Bu, hamımızın dərdi, hamımızın acısıdı. Bu gün Mübariz vətənini sevən hər bir atanın, hər bir ananın oğludur. O, qəlbi vətən eşqi ilə döyünən hər bir oğlanın qardaşıdır. Qardaşına güvənən hər bir bacının qardaşıdır. Mübariz Azərbaycanındır!
Onun nəşi harada olmasından asılı olmayaraq, ruhu göylərdədir. Bu, müqəddəs dinimizin də bizlərə buyurduğu məqamdır. Hər bir insan öləndən sonra ruhu göylərə, onu Yaradanın hüzuruna qalxır. Şəhidlərin ruhu Tanrı dərgahında ən ali yerdədir. Mübariz də şəhiddir, müqəddəsdir. Həmişə nənəm deyərdi ki, bir körpə uşağa, bir də şəhidə rəhmət düşmür, çünki Quran onların yerini cənnət buyurub. Mübariz də cənnəti ölümü ilə qazanıb. Vətən yolunda ölməklə, gəncəcik ömrünü canından artıq sevdiyi Azərbaycanının uğrunda qurban verməklə. Məhəmməd Peyğəmbər (s) buyurur: “Cənnətə daxil olan birinci şəxs şəhid və öz Rəbbinə yaxşı (ixlasla) ibadət edən kimsədir”.
Ürəyimdən keçir səslənəm ki, rahat uyu, şəhid qardaşım! Amma deyə bilmirəm. Çünki Mübarizin uğrunda öldüyü vətən torpaqları hələ düşmən tapdağındadır. Şəhid nəşi hələ düşmən əlindədir. Başımız onun ruhunun qarşısında aşağıdır...
“Nəsimi” filmində bir fraqment var. Müqayisə qüsurlu görünsə də, bunu yazmaya bilmirəm. Əmir Teymurun oğlu Miranşah Şeyx Əzəmin qızı Şəmsi öz hərəmxanasına qatmaq istəyir. Lakin Şəms gənc bahadır Dövlət bəyi sevir. Miranşah ondan qisas almaq üçün Dövlət bəyin başını gətirib Şəmsin qarşısına atır. Şəms heç tövrünü belə pozmadan “Dövlət bəyin ölüsü də gözəldir” deyib Miranşaha ən ağır zərbəni vurur. Ermənilər Mübarizin cəsədinin şəkillərini yaymaqla bizə mənəvi zərbə vurmaq istəyirlər. Eyni zamanda görür və alovlanırlar ki, onun ölüsü də igiddir, qəhrəmandır, gözəldir... Çünki o, ŞƏHİDDİR!!!
Həbibə ABDULLA, "Yeni Müsavat", 04.08.2010