TAP əməliyyatlar üçün qaz alışı ilə bağlı tender elan edəcək
TAP (Trans-Adriatik Qaz Boru Kəməri) konsorsiumu avqustun 1-i qaz alışı ilə bağlı tender elan edəcək. Alınacaq qaz əməliyyat fəaliyyətinin təmin edilməsinə, həmçinin kompressor stansiyalarında istifadəyə yönəldiləcək.
AFN.az konsorsiumun məlumatına istinadən xəbər verir ki, elanda tender iştirakçılarından tələb olunan bütün şərtlər əks olunacaq. Tələb olunan bütün sənədləri əldə etmək üçün maraqlı tərəflər ilkin mərhələdə TAP-ın saytında maraq ifadəsi formasını (EOI — Expression of Interest) doldura bilər.
Tenderin şərtlərinə görə:
- Tədarük müddəti: 1 oktyabr 2022-ci il – 30 sentyabr 2023-cü il
- Təkrar tədarük nöqtələri
İtaliyada Melendunyo qovşağı;
Melendunyoda “Snam Rete Gas” qazvurma məntəqəsi;
Yunanıstanda “Nea Mesimvria” qovşağı;
Hesabat dövründə sabit daşıma imkanlarına malik TAP tədarükçüləri üçün TAP virtual ticarət məntəqəsi (VTP).
Xatırladaq ki, bu, TAP-ın qaz alışı məqsədilə elan etdiyi sayca üçüncü tenderdir. İlk 2 tender 2020-ci ilin iyun və 2021-ci ilin may aylarında elan edilib.
Qeyd edək ki, TAP kommersiya istismarına veriləndən Avropaya 12 milyard kubmetr qaz nəql edib, ondan 10 milyard kubmetri İtaliyaya, 1 milyard kubmetri isə Yunanıstan və Bolqarıstana göndərilib.
TAP-ın tikinsinə 2020-ci ilin oktyabr ayında yekun vurulub. Onun ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.