ADR Partiyası REAL-ın təklifini dəyərləndirdi


REAL Partiyası təklif edir ki, pərakəndə satışda ərzağa və dərmanlara 18 faizlik əlavə dəyər vergisi (ƏDV) ləğv edilsin və ya aşağı salınsın, beləliklə də əhalinin xərcləri azaldılsın. ADR Partiyası bu təklifi dəyərləndirir və hesab edir ki, hazırkı iqtisadi şərtlər, mövcud vergi və fiskal çərçivə, eləcə də qərarlaşmış tendensiyalar və qlobal çağırışlar nəzərə alınmaqla Azərbaycan höküməti ərzağa və dərmanlara 18 faizlik ƏDV-ni ləğv edilməsinə qərar verməyəcək.

Birincisi, 2022-ci ilin yanvar-iyun aylarında büdcə daxilolmaların 23,6 faizi əlavə ƏDV hesabına təmin olunub, bütün mənbələrdən (satış, xidmət, idxal) cari ilin ilk 6 ayı ərzində 3 milyard 376 milyon 800 min manat olub və həmin dövrə ÜDM-in 5,33 faizini təşkil edib. Göründüyü kimi büdcədə əhəmiyyətli - 23,6 faiz paya malik olan ƏDV-nin azaldılması hökümətin əsas təbliğat vasitəsi olan qeyri-neft gəlirlərinin artımına kölgə sala bilər. Çünki, hazırkı vergi siyasətinə görə, qeyri-neft gəlirlərinin artımının mənbəyini qiymətlərin bahalaşması və ordan ƏDV-nin daha çox daxil olması təşkil edir.
İkincisi, ərzaq və dərmanların ƏDV-dən azad olmasından bütün növ istehlakçılar (yoxsul və varlı, əhali və qeyri-əhali qrupu) bəhrələnə bilər, beləliklə də ƏDV-dən azad olmadan hər kəs, hətta inflyasiyadan təsirlənməyən gəlirləri yüksək olan təbəqə də qazanacaq, itirən isə büdcə olacaq.
Üçüncüsü, ərzaq və dərmanların ƏDV-dən azad edilməsi institutsional yanaşma deyil, ona görə də daimi xarakter daşımayacaq, qiymətlər sabitləşəndə hökümət ƏDV-ni yenidən bərpa edə bilər.
Dördüncüsü, ərzaq və dərmanlara ƏDV-nin götürülməsi həmin bazarlarda hökmran mövqeyə malik olan Bravo kimi şirkətlərinin korporativ maraqlarına uyğundur, onların bazarda inhisarçı mövqeyi nəticəsində dövlətin ƏDV-dən itirdiyi hissəsi ticarət əlavələrinin artımı yolu ilə mənimsənilə bilər, hazırkı şəraitdə bunun qarşısını almaq mexanizmi yoxdur.
Nəhayət, hökümət iddia edə bilər ki, ƏDV-ni geri qaytarma yolu ilə nağdsız hesablaşmaları stimullaşdırır və bu vergidən imtina ticarət şəbəkələrinin uçotdan yayınmasına gətirib çıxara bilər.
Odur ki, ADR Partiyası təklif edir ki, büdcə prosesində vergi ödəyicilərinin, xüsusilə də istehlakçıların, biznesin və onların birliklərinin iştirakçılığı təmin edilsin, büdcədə şəffaflıq və hesabatlılığa əməl olunsun, tenderlər açıq və rəqabətli keçirilsin, büdcə talançılığının və korrupsiyanın qarşısı alınsın, büdcədən aztəminatlılara effektiv və ünvanlı sosial yardım göstərilsin və bununla da həm büdcənin investisiya xərcləmələrinin səmərəliliyi və məhsuldarlığı artırılsın.
ADR Partiyası hesab edir ki, ehtiyacı olanlar qarşısında hökümətin cavabdehliyi artırılmalı və hakimiyyət dövlətin sosial öhdəliklərini layiqincə yerinə yetirməlidir.
Bununla əlaqədar olaraq ADR Partiyası əhaliyə bildirir ki, ərzaq və dərman alanda da, kommunal, rabitə və nəqliyyat xidmətlərinə, benzinə görə ödənişlər edəndə onun tərkibində vergilər də vardır, bununla yanaşı büdcə gəlirlərinin bir qismi fiziki şəxslərin gərlirlərindən vergilər hesabına formalaşır, beləliklə də əhali vergi ödəycisi kimi büdcənin formalaşmasında yaxından iştirak edir, odur ki, hər kəs büdcənin kimlər tərəfindən necə, hara və nə qədər xərclənməsinə dair məlumat almaqda maraqlı olmalı, hökümət də bu məlumatı detallı və dövrü olaraq açıqlamalıdır ki, şəffaflıq və hesabatlıq təmin olunsun, büdcə talançılığının və korrupsiyanın qarşısı alınsın.
İkincisi, ADR Partiyası hökümətə çatdırır ki, dövlətin başlıca sosial funksiyası ehtiyacı olanlar qarşısında öhdəliklərini yerinə yetirməkdir. Odur ki, hökümət xüsusilə də ərzaq və dərmanların əhəmiyyətli dərəcədə bahalaşdığını nəzərə alaraq aztəminatlılara ünvanlı sosial yardım etməli, pensiya, təqaüd və müavinətləri artırmalı, müxtəlif kateqoriyadan olan işsizlərə aylıq sığorta haqqı ödəməlidir. Bu ilin 7 ayının yekununa görə rəsmi inflyasiyasının orta illik əsasda 13 faiz olduğunu nəzərə alsaq, sentyabrın 1-dən bütün növ ödənişlərə, o sıradan da təhsil və səhiyyə işçilərinin əmək haqlarına, minimum əmək haqqına, minimum pensiyaya, ehtiyac meyarına, əmək pensiyalarına, müavinətlərə, təqaüdlərə yenidən baxılmalı və onlar ən azı 15 faiz artırılmalıdır. Bunun üçün büdcənin imkanı da mövcuddur. Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında büdcənin icrası göstərir ki, onun profisiti (artıqlığı) 2 milyard 564 milyon 600 min manat olub.
ADR Partiyası mütəxəssislərinin hesablamalarına görə, bu istiqamətdə artımlar inflyasiya təzyiqi yaratmayacaq, çünki, hazırda manatla pul kütləsi idarəolunan səviyyədədir və onun bu il gözlənilən artım səviyyəsi inflyasiya tempindən aşağıdır.
ADR Partiyası bütün bunlarla yanaşı anti-inflyasiya tədbirləri olaraq höküməti iqtisadiyyatın liberallaşdırılmasını sahəsində islahatlara başlamağa, anti-inhisar siyasətini həyata keçirməyə, rəqabəti, iqtisadi azadlıqları və təşəbbüskarlığı dəstəkləməyə, mülkiyyət hüquqlarını qorumağa, müstəqil məhkəmə hakimiyyətini qurmağa, yeni mülkiyyətçilər, səhmdarlar sinfini formalaşdırmaq üçün dövlət şirkətlərini profilindən asılı olaraq kommersiyalaşdırmağa və ya özəlləşdirməyə, eləcə də qiymətli kağızlar bazarını inkişaf etdirməyə çağırır.
ADR Partiyası yekun olaraq bəyan edir ki, bu yanaşma hökümətin cavabdehliyinin və məsuliyyətinin artırılması, vergi ödəyicilərinin davranışlarının dəyişməsi, istehlakçı cəmiyyətinin formalaşdırılması, büdcədə iştirakçılığın təmin olunması, şəffaflıq və hesabatlıq yolu ilə korrupsiyanın qarşısının alınması, iqtisadi azadlıqların, azad təşəbbüskarlığın və təsərrüfatçılığın, rəqabətin dəstəklənməsi ilə institutsional xarakter daşıya, işgüzar fəallığı artıra və gələcək dövrün çağırışlarını da nəzərə almaqla uzun müddətli iqtisadi siyasətə töhfə verə bilər.
Hesab edirik ki, bu yolu bütün sivil və inkişaf etmiş ölkələr keçib, Azərbaycanın da tərəqqi üçün başqa alternativi yoxdur!

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu