Mikayıl Cabbarov Prezidentin köməkçisinə qarşı: Bunlar yalnız bir zavodda baş verənlərdir...


“Bakı Məişət Maşınları” ASC-də rəhbər dəyişikliyi ediləndən sonra bizi sıxışdırmağa başladılar. Yeni rəhbər təyin edilən Mircəlil Qasımlı maaşımızı vermədi, dedi gedin köhnə rəhbərlikdən alın. Sonra da işdən çıxmağımız üçün ərizə yazmağımızı tələb etdi”.


Bunu AFN-ə “Bakı Məişət Maşınları” ASC-də qeydiyyatçı vəzifəsində çalışan Elvin Həsənov deyib. O bildirib ki, bir müddət mübarizə apararaq ərizə yazmaqdan imtina edib: “Məsələyə media qarışdıqdan sonra mənim əməkhaqqımı ödəməyə razılıq verdilər. Lakin yenə də mənə təzyiq edərək işdən çıxmaq haqqında ərizə yazdırdılar. Mən Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın qohumu olduğum üçün təzyiqlərlə üzləşmişəm. Mənə açıq deyiblər ki, soyadın Həsənovdursa, burda qalıb işləyə bilməzsən. Həmçinin Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi olan zamanda “Bakı Məişət Maşınları” ASC-də rəhbər vəzifəyə təyin edilən nə qədər adam varsa, hamısı işdən çıxarıldı. Bu haqda da gizlətmədən deyildi ki, Kərəm Həsənovun adamları burada işləyə bilməz, buna icazə verilməz. Bu, əmək qanunvericiliyinin pozulmasıdır, mən 10 ildir burda işləyirdim, hüquqlarımı məhkəmə vasitəsilə qorumaq fikrindəyəm”.
Qeyd edək ki, adı çəkilən ASC-dən işdən çıxarılanlar sırasında zavodun direktoru Rafiq Əliyev, mühafizə xidmətinin rəisi Şahin Əliyev də var. Ş.Əliyevlə bağlı da eyni hal yaşanıb. Ona da əməkhaqqını köhnə rəhbərlikdən istəməsi “məsləhət görülüb”. Lakin məsələyə media qarışdıqdan sonra Ş.Əliyevin də əməkhaqqı borcu ödənib. Zavoda yeni direktor təyin olunan Mircəlil Qasımlı isə AFN-in əməkdaşı ilə danışarkən bildirib ki, borclar köhnə rəhbərliyin vaxtında olan əməkhaqqı üzrə qalıb: “Onların əməkhaqqı iyul ayının 1-nə olan müddətə görədir, mənim əmrim isə iyulun 5-də verilib. Lakin buna baxmayaraq, biz Elvin Həsənovun borcunu ödəmişik. Şahin Əliyev bizlik deyil”. M.Qasımlı belə bir açıqlama versə də, sonradan redaksiyamızla əlaqə saxlayan Ş.Əliyev əməkhaqqı borcunun ödəndiyini bildirdi.
AFN-ə verilən əlumata görə, may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən zavodda yoxlamalar aparılıb. Lakin bu barədə ictimaiyyətə hər hansı açıqlama verilməyib.
“Bakı Məişət Maşınları” ASC İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətnin nəzdində fəaliyyət göstərir. Zavod bir neçə dəfə özəlləşməyə çıxarılsa da, dövlətsizləşdirmə baş tutmayıb. Sonuncu dəfə ötən il mediada ASC-nin adı özəlləşməyə çıxarılan müəssisələr siyahısında gedib. Bütün qeyd edilənlərlə bağlı İqtisadiyyat Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətindən verilən cavabda bildirilir ki, “Bakı Məişət Maşınları” ASC-nin investisiya müsabiqəsi vasitəsi yolu ilə özəlləşdirilməsi nəzərdə tutulub: “Ötən il ƏMDX tərəfindən cəmiyyətin səhmlərinin özəlləşdirilməyə çıxarılması ilə bağlı hər hansı qərar, bununla bağlı elan verilməmiş və ümumiyyətlə, müəssisə özəlləşdirilməyib”.
Nazirlikdən verilən cavabda qeyd edilir ki, hüquq-mühafizə orqanları tərəfindən “Bakı Məişət Maşınları” ASC-də yoxlama aparılmayıb. Yeni rəhbərliyin əmək qanunvericiliyini pozması ilə bağlı suala isə nazirliyin cavabı belə olub: “Müəssisə təsərrüfat hesablı olduğu üçün işçilərin işə qəbulu və işdən azad olunması müəssisə rəhbərliyi tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Sualda qeyd olunan digər iddia isə həqiqəti əks etdirmir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu