Sabunçuda böyük ərazidə yaşıllıq məhv edilib: İcra Hakimiyyəti şəhidin adını hallandırır - FOTOLAR

Aşağıda təqdim edəcəyimiz fotolar Sabunçu rayonu, Şəhər şossesi, döngə 3 ünvanında çəkilib. Buralar bir vaxtlar sıx yaşıllıq idi. 30 ildən çox yaşı olan söyüd ağaclarının budanması yerli sakinləri narazı salıb.
Ərazidə yaşayan insanlar deyirlər ki, rayon rəhbərliyinin burada “gözü var”. “Yaxınlıqdakı kafeni də bura qatıb böyük restoran eləmək istəyirlər. Bir neçə ay əvvəl gəlib ağacları kəsib-tökdülər. Lakin bura yaşayış yerinin sıx olduğu yerdir, evlərlə iç-içə restoran tikilməsinə icazə verə bilmərik. Onun səs-küyü, narahatçılığı bizə yaşamağa imkan verməz”.
Sabunçu rayon İcra Hakimiyyətinin mühəndisi Arif Əmrahov AFN.az-a açıqlamasında həmin torpaq sahəsinin 1991-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Məşəl” Yaralı, Əlil və Şəhid Döyüşçülər Ailələrinin Sosial Hüquqlarının Müdafiəsi Cəmiyyətinə verilib. Daha sonra bağ həmin cəmiyyətin təklifi ilə şəhid Nizami Müslüm oğlunun adına verilib: “Ərazidə böyük yaşıllıq olub, söyüd ağaclarının altında arzuolunmaz hallar yaşanıb. Gənclər olmazın hərəkətlər edirdilər. Ağaclar kəsiləndə Yaşıllaşdırma İdarəsindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlmişdilər, onlara da vəziyyəti izah etdik. Oranı səhv etmirəmsə şəhidin xalası oğludur, Vaqif adlı şəxs indiyədək qulluq edib, saxlayıb, indi də yəqin belə qərara gəlib ki, ağacları budasın. Orda ağaclar böyümüşdü, meşəlik olmuşdu, altı daldalıq olmuşdu. Həmin Vaqif adlı oğlan maşın-filan gətirdi, ağacların başını doğradı, təzədən göyəriblər indi. Orada yaşıllığı məhv etmək yoxdur. Bizim rayonun rəhbərliyi də şəhid ailələrinə çox diqqətlə yanaşır. İndi bilirsiniz ki, onlara güzəşt edilir bir çox məsələlərdə”.
A.Əmrahov bildirib ki, həmin sərəncamla həmçinin Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Hənifə Ələsgərov küçələri və Vaqif prospektinin kəsişdiyi yerdə yerləşən bağa Azərbaycanın Milli Qəhrəmanı Zülfüqarov Elxan Qaçay oğlunun adı verilib və Elxan Zülfüqarov adına bağ adlandırılıb.
İH nümayəndəsi onu da qeyd etdi ki, ərazinin yaxınlığındakı kafe də şəhid ailəsinə məxsusdur. Lakin oraların böyüdülüb restoran edilməsinə heç kim icazə verməz: “BŞİH-in verdiyi sərəncamla, qayda-qanunla tikinti aparılıb, kənara çıxmağa icazə verilməyib. Hətta vaxtilə oranın satılması da gündəmə gəlib, icazə verməmişik. Proses nəzarətimizdədir, narahatçılığa əsas yoxdur”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AFN.az-a bildirildi ki, məsələ araşdırılacaq.
SƏBUHİ