Hökumət bütün dünyanın gözü qarşısında Azərbaycan vətəndaşlarını aldadır - ETİRAZ


Sosial şəbəkələrdə Azərbaycanda baş verən bahalaşma ilə bağlı ciddi faktlar paylaşılır. Şəbəkə istifadəçiləri qiymətlərin hər gün artmasından narazı və narahatdırlar. Bu mövzuda jurnalist Ülkər Abdullayevanın statusu və onun ətrafında gedən müzakirələr xüsusi diqqət çəkir.


AFN.az həmin statusu təqdim edir:

Həmişə yaxşı yağ axtarışına çıxaraq fərqli markalardan yağ alıram. Heç birinin təmiz, qatqısız olduğuna inanmıram. Amma Azərbaycan mətbəxində də yeməklərin yağsız bişmədiyi məlum. Bu günlərdə "Araz" marketdə İranın "Port de Calleh" yağını gördüm. Satıcı qadın onu xeyli təriflədi. Kilosu 12 manat idi. Şübhə içində yağı aldım. Evdə onu əritdik. Ərinmiş yağın dadı və ətri çox xoşumuza gəldi. Qərara aldıq ki, nə qədər ki, Bakıətrafı sexlərdə onun "icabına" baxmayıblar, 3-5 kq alıb ədirək. Səhəri gün marketdə həmin yağın kilosu 15.99 idi. Bir günə 4 manat bahalaşma. Acığa almadım. Bunu markertin alıcılara qarşı əclaflığı kimi qiymətləndirdim. Sonrakı gün gözüm təzədən piştaxtada həmin yağın qiymətinə sataşdı. Bu dəfə 17.99-a qoyulmuşdu. 3 günə yağın 1 kq-nın 6 manat bahalaşması yəqin ki, rekorddur. Final qarğıdalı yağlarının da qiyməti at belindədir. Çörəyin qiyməti qalxan kimi avtomatik 2 manat qalxdı. Ölkədə ən çox istehlak edilən ərzaq məhsullarının, sabun və yuyucu vasitələrin qiymətini dayanmadan artıranlara bir dur deyən olacaqmı? İnsanlar qorxudan səslərini çıxarmırlar, bəs ölkənin ərzaq bazarını əlində saxlayanların vicdanına nə gəlib? Doğrudanmı, monopolislərin, dövlətiçi mafiyaların, oliqarxiyanın heç nədən qorxusu yoxdur?!"
Ü.Abdullayeva qeyd edib ki, Ərdoğan və Quterreş Ukraynaya gedib görüşəndən sonra Rusiya ilə də təmaslar oldu: "Qlobal anlaşma belə idi ki, nə olursa olsun, taxıl ixracatı dayandırılmayacaq və dünya bazarında taxılın qiyməti qalxmayacaq. Azərbaycan isə məhz həmin günün səhəri un və çörəyin qiymətləri qaldırdı. Adını da qoydu dünya bazarında bahalaşma. Yerli hökumət bütün dünyanın gözü qabağında Azərbaycan vətəndaşlarını aldadır. Dünya bazarında neft düşür, bunlar neft məhsullarının qiymətini qaldırırlar. Neft qalxır, bunlar yenə qiyməti qaldırırlar. Bu hökumətin iqtisadi siyasəti ancaq sadə vətəndaşların sıxışdırıb suyunu çıxarmaq, bir qarın çörəyə möhtac eləmək, əsəbləri ilə oynamağa yönəlib. Di gəl ki, bir məmurun rüşvətindən, korrupsiyasından taviz verməzlər. Bir oliqarxın müəssisəsində qiymət enməz. Sonra da Mirşahin kimisini salırlar etiraz edən adamların üstünə ki, təhqiri təhqir üstünə yağdırsın, adamlar da abırına qısılıb səsini çıxarmasın. Xalqın düşməni başqa necə olur?"
Qeyd edək ki, jurnalistin açdığı postda yazan əksəriyyət bahalaşmadan narazılıq edib.
Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyinə ünvanladığımız sorğunun cavabı redaksiyamıza daxil olduqda təqdim edəcəyik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu