Ömər Çelik: “Türkiyə bütün terror təşkilatlarını məhv etməyə qadirdir”
“Hansı ölkənin himayəsində olmasından asılı olmayaraq Türkiyə bütün terror təşkilatlarını məhv etməyə qadirdir”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik tviter hesabında yazıb.
“Terrorizm bəşəriyyətin düşmənidir. Bu bəşəriyyət düşmənlərinə qarşı ən təsirli mübarizə aparan ölkə Türkiyədir. Hansı gücə tabe olmasından asılı olmayaraq, bütün terror təşkilatlarını məhv etmək gücümüz var”, - o yazıb.
Bundan əlavə, Çelik bildirib ki, yeni əməliyyat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın daha əvvəl “bir gecədə qəfil gələ bilərik” sözləri ilə səsləndirdiyi mütləq qətiyyəti əks etdirir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı keçirib.
Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyat zamanı günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb.
Qeyd olunub ki, terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları, terror təşkilatının qondarma qərargahı məhv edilib.