Sabiq icra başçısı məhkəmədə rüşvətlə bağlı özünü təqsirli bilib – VİDEO


Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.


AFN.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Alimpaşa Məmmədov rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində birbaşa özü üçün şəxsən və vasitəçidən istifadə edərək pul vəsaitlərini və əmlak qismində maddi əşyaları istəyərək qəbul etməklə təkrar külli miqdarda rüşvət alıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurub.

Belə ki, Alimpaşa Məmmədov Şəmkir şəhər bələdiyyəsi tərəfindən təsis edilmiş Şəmkir şəhərində yerləşən 1 milyon 335 min manat dəyərində “Natural” su və cem istehsalı zavodu olan “Abad Şəmkir” MMC-nin şəhər bələdiyyəsinə məxsus bütün paylarının 2018-ci ildə oğlu Adil Məmmədova, 2020-ci ildə isə Fərid İslamzadəyə cəmi 180 manata satılmasını təmin edib.

Həmçinin Alimpaşa Məmmədov dəyəri 3 milyon 344 min manat olan “Çinarlı qəsəbə” MMC-nin Şəmkir rayonu, Çinarlı bələdiyyəsinə məxsus bütün paylarını təsisçiləri-oğlu Adil Məmmədov, köməkçisi Mahir Əliyev və Orxan Məmmədli olan “Şəmkir səbəti” MMC-yə cəmi 40 manata satılmasını təmin edib.

Bundan başqa, o, vəzifəli şəxs kimi rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədərək külli miqdarda özgə əmlakını təkrar mənimsəmə və israfetmə yolu ilə talayıb, qulluq mənafeyindən istifadə etməklə cinayət yolu ilə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitlərini təkrar leqallaşdırıb.

İttihamda qeyd olunub ki, Alimpaşa Məmmədov rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə müxtəlif şəxslərdən rüşvət qismində aldığı pulların böyük qismini köməkçisi Mahir Əliyevin, digər qismini isə birinci müavini və şəhər memarlıq şöbəsinin rəisi vasitəsilə öz xidməti otağında alıb.

O, əldə etdiyi pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pulu oğlu Adil Məmmədovun adına təsis olunmuş “Az Farel” MMC-nin tikinti xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini təkrar leqallaşdırıb.

Qeyd olunan əməllərə görə Alimpaşa Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Məhkəmədə Alimpaşa Məmmədov ittihama münasibət bildirərək özünü təqsirli bilib.

O, ilk olaraq rüşvət almaqla bağlı ittihama münasibət bildirərək bu epizod üzrə ittihamda qeyd olunanlarla tamamilə razı olduğunu deyib: “Tamamilə razıyam, heç bir problem yoxdur”.

Sabiq icra başçısı mənimsəmə və israfetmə ilə bağlı ittihamı qəbul edib. Lakin bütün epizodlar üzrə əldə etdiyi göstərilən vəsaitləri şəxsi mənafeyi üçün istifadə etmədiyini bildirib: “Mən vətəndaşları iş yeri ilə təmin etmişəm, onların dolanması üçün çalışmışam. Bu, israfetmə sayılırsa, razıyam. İttihamda cinayət yolu ilə əldə olunduğu göstərilən bütün vəsaitlər rayon idarəçiliyi üçün istifadə olunub. Yəni niyyət başqa olub”.

Proses dekabrın 8-də davam etdiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu