İran Ermənistana pul xərcləyəcək
2023-cü ilin əvvəlində Ermənistanda ilk İran ticarət mərkəzi açılacaq. İrəvanda yerləşəcək mərkəzin ümumi sahəsi 20 min kvadratmetr təşkil edəcək.
AFN.az-ın məlumatına görə, bu barədə Ermənistanın İrandakı ticarət attaşesi Vardan Kostanyan açıqlama verib.
2 min kv.m. sahədə neft kimyasına aid məhsullar, digər 18 min kv.m.-də isə digər mallar təqdim ediləcək. Ümumilikdə, ticarət mərkəzində 100-dən çox İran şirkəti təmsil olunacaq. Ticarət Mərkəzinin inşasına Tehran 5 milyon dollara yaxın sərmayə qoyub.
“Biz hazırda Tehranda oxşar ticarət mərkəzinin (Ermənistan şirkətləri üçün) açılması üçün İranla danışıqlar aparırıq. Bu, qonşu ölkənin bazarına mal ixrac etməkdə maraqlı olan Ermənistan sahibkarları üçün əla fürsət olacaq”-deyə Kostanyan bildirib.
Bundan başqa, Kostanyan qeyd edib ki, 2023-cü ilin əvvəlində İran şirkətlərindən biri Ermənistan Respublikasının Armavir vilayətində törəmə müəssisə açacaq, burada birinci mərhələdə metal qırıntıları, ikinci mərhələdə isə metal məftillər istehsal olunacaq.
M.Vahidli