FTX generalı işdən qovuldu
Kreml, xüsusilə də müxalif Rusiya siyasətçiləri və liberallarını aradan qaldırmaq üçün zəhərlərin hazırlanmasına nəzarət edən Federal Təhlükəsizlik Xidmətinin general-polkovniki Eduard Çernovoltsevi işdən çıxarıb.
AFN.az xəbər verir ki, bu barədə “The Insider” nəşri məlumat yayıb. Qeyd edilir ki, Çernovoltsev FTX-nin Tədqiqat 2-ci Elmi Tədqiqat İnstitutuna nəzarət edirmiş. Burada gizli laboratoriyada bütün növ zəhərlər hazırlanır. İnstitutun əməkdaşları müxalifət lideri Aleksey Navalnı, yazıçı Dmitri Bıkov və ictimai xadim Vladimir Kara-Murzanın zəhərlənməsində iştirak ediblər.
Çernovoltsev pensiya yaşına çatdıqdan sonra rəsmən təqaüdə göndərilib. Halbuki, bu səviyyədə olan şəxsə adətən 70 ilə qədər xidmət etməyə icazə verilir.
FTX-dəki mənbələr Çernovoltsevin istefa verdiyini bildirib. Buna səbəb məlumat bazalarının sızmasından Kremlin son dərəcə narazı qalması olub.
“İki il əvvəl Eduard Vladimiroviç ölkə rəhbərliyinə and içib ki, bütün sızma kanallarını bloklayacaq. Amma sızma sistemimizdə bu, demək olar ki, mümkün deyil”-deyə mənbə “The Insider”ə bildirib.
FTX-nin digər mənbəsi Çernovoltsevin uzun müddət Kiyevdə yaşadığını və müharibəni dəstəkləmədiyini bildirib. Generalın Ukraynada müharibənin başlanmasından çox təəssüfləndiyini və dostlarının əhatəsində dəfələrlə hər şeyin həddi aşdığını deyib.
M.Vahidli