Pentaqon rəhbəri: “Soledarın işğalına dair sübut yoxdur...Əldən-ələ keçir”


Donetsk vilayətinin Soledar şəhərinin yanvarın 11-də gecə guya ələ keçirilməsi ilə bağlı ruslar tərəfindən yayılan bəyanatların Pentaqonda heç bir sübutu yoxdur.


AFN.az-ın məlumatına görə, ABŞ-ın müdafiə naziri Loyd Ostin belə deyib. Ostin qeyd edilən bəyanatla Vaşinqtonda təhlükəsizlik məsələləri üzrə ABŞ-Yaponiya Məsləhət Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında çıxış edib.
Pentaqon rəhbərinin sözlərinə görə, Soledarda çox ağır döyüşlər gedir və şiddətli mübarizə şəraitində rayona nəzarət bir əldən digərinə keçir.
“Biz əlimizdən gələni etməyə və ukraynalıların suveren ərazilərini uğurla müdafiə etmək üçün lazım olan imkanlara malik olmasına diqqət yetiririk”.
Ostin həmçinin əlavə edib ki, o, ukraynalı həmkarı ilə mütəmadi olaraq əlaqə saxlayır.
Bundan başqa, Ostin, gələn həftə Almaniyada 50-yə yaxın ölkənin iştirak edəcəyi Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun “Ramştayn” formatında iclasın keçiriləcəyini xatırladıb. “Onlar ilk növbədə Ukraynanın indi ən çox nəyə ehtiyacı olduğunu, gələcəkdə uğur qazanması üçün nə etməyin lazım olduğunu danışacaqlar”-Pentaqon rəhbəri belə deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu