ABŞ müdafiə naziri Ostin müalicədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb


ABŞ-ın müdafiə naziri Lloyd Ostin 22 dekabr 2023-cü ildə gizli surətdə xəstəxanaya yerləşdirildikdən və səhhətinin vəziyyəti ilə bağlı Ağ Ev və Konqres səviyyəsində informasiya böhranı yaşandıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.


Ostin videokonfrans vasitəsilə Ukrayna Müdafiə Əlaqə Qrupunun aylıq iclasında iştirak edib.

O, görüşdəki çıxışında "Hamınızı yenidən görmək çox gözəldir. Gördüyünüz kimi, bu gün evdən qatılıram. Özümü yaxşı hiss edirəm və tezliklə Pentaqona qayıtmağı səbirsizliklə gözləyirəm" - deyə açıqlama verib.

Ostinin çıxışı Müdafiə Nazirliyi tərəfindən canlı yayımlanıb.

Valter Reed Hərbi Xəstəxanasında prostat vəzi xərçəngindən əməliyyat olunan Ostin ertəsi gün evə göndərilsə də, daha sonra fəsadlar səbəbindən yanvarın 1-də yenidən xəstəxanaya yerləşdirilib.

Ostinin xəstəxanaya yerləşdirilməsi ilk olaraq ABŞ Müdafiə Nazirliyinin yanvarın 5-də verdiyi açıqlama ilə gündəmə gətirilib və vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Sonradan məlum olub ki, prezident Co Bayden də daxil olmaqla yüksək vəzifəli şəxslər, həmçinin Pentaqon rəsmiləri və Konqres üzvləri Ostinin xəstəxanaya yerləşdirildiyini günlər sonra öyrəniblər.

70 yaşlı Ostinin xəstəxanaya yerləşdirilməsi və səhhəti ilə bağlı baş verənlərin səlahiyyətlilərdən və ictimaiyyətdən gizli saxlanması tənqidlərə səbəb olub və bu reaksiyalardan sonra Konqres və Pentaqon məsələ ilə bağlı araşdırmaya başlayıb.

Yanvarın 15-də xəstəxanadan çıxan Ostin o vaxtdan bəri evdən işləyir. Ostinin Pentaqondakı ofisinə nə vaxt qayıdacağı məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu