“Qarabağ” yerli qapıçı axtarır
“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında çıxış edən iki qapıçıdan birini icarəyə götürmək istəyir.
Klub “Zirə”nin dəri əlcək sahibi Mehdi Cənnətov və “Səbail”in qolkiperi Emil Balayevə “elçi düşüb”.
Uzun müddətdir qapı xəttini gücləndirmək üçün əcnəbi futbolçu axtarışında olan Azərbaycan çempionu Şahruddin Məhəmmədəliyevin zədələnməsi ilə planlarını dəyişib. Məhəmmədəliyevin ən azı 2 aylıq sıradan çıxdığını nəzərə alan məşqçilər korpusu ilk olaraq onun boşluğunu doldurmaq üçün bir yerli icarəyə götürməyi planlaşdırır.
Rəhbərlik hazırda Cənnətov və Balayev adları üzərində dayanıb. “Qarabağ” qış fasiləsində adıçəkilən qapıçılardan birini mövsümün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, Emil Balayev 2016/2017 mövsümünün ilk yarısını və 2020-2022-ci illəri “Qarabağ”ın heyətində olub.