Peruda hökumət əleyhinə etirazlar zamanı tarixi bina yandırılıb - FOTOLAR


Perunun cənubundakı paytaxt Limada hökumət əleyhinə etirazlar zamanı nümayişçilərlə polis arasında gərginlik artıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, iğtişaşlar zamanı tarixi binada yanğın baş verib. Perunun daxili işlər naziri Visente Romero yanğına polisin istifadə etdiyi gözyaşardıcı qazın səbəb olduğu iddialarını rədd etsə də, alov 3 saatdan sonra söndürülüb.

Qeyd edək ki, Peruda aksiyalar dekabrın 7-də keçmiş prezident Pedro Kastillonun Konqres tərəfindən vəzifəsindən azad edilməsindən sonra başlayıb. Kastilyodan sonra prezident olmuş Dina Boluartenin istefasını və vaxtından əvvəl seçki keçirilməsini tələb edən etirazçılar ölkənin cənubundan paytaxt Limaya gəlib. Paytaxt küçələrində azı 3500 adam yürüş edib və polislə nümayişçilər arasında gərginlik artıb.

Polis küçələrdə rastlaşdıqları etirazçılara gözyaşardıcı qazla cavab verib. Etirazların şiddətləndiyi bir vaxtda şəhərin mərkəzindəki tarixi bina olan San Martin Plazada alovlar başlayıb.

Yanğınsöndürmə rəsmiləri bildiriblər ki, böyük hissəsi boş olan binada yanğının səbəbi hələlik məlum deyil. Perunun baş naziri Alberto Otarola verdiyi açıqlamada "Bu etiraz deyil, qanunun aliliyinə qarşı təxribatdır" deyib.

Perunun ikinci ən çox əhalisi olan Arekipa şəhərində hökumət əleyhinə nümayişçilər Alfredo Rodriguez Ballon hava limanına soxulmağa cəhd ediblər. Təhlükəsizlik qüvvələri nümayişçilərə gözyaşardıcı qazla cavab verib. Hadisələrdə 22 polis əməkdaşı və 16 mülki şəxs yaralanıb. Hava limanının müvəqqəti bağlandığı açıqlanıb. İndiyədək ölkədə keçirilən etiraz aksiyalarında 53 nəfər ölüb, 700-dən çox insan yaralanıb.

Perunun keçmiş prezidenti Kastillo dekabrın 7-də Konqresi buraxmaq və fövqəladə milli hökumət yaratmaq qərarına gəldikdən sonra Konqres tərəfindən istefaya göndərilib. Kastillo Meksika səfirliyinə sığınmaq istəyərkən saxlanılıb, onun müavini Dina Boluarte isə dekabrın 8-də ölkənin yeni prezidenti kimi and içib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu