İran Mərkəzi Bankı: Artıq banklarımızın SWIFT sisteminə ehtiyacı yoxdur
Bütün Rusiya bankları və bir sıra ölkələrdə 100-dən çox bank İranın SEPAM kimi tanınan maliyyə telekommunikasiya sisteminə qoşulub.
AFN.az-ın xəbərinə görə, İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə sədr müavini Möhsün Kərimi "Tasnim" agentliyinə bildirib ki, bu, SWIFT beynəlxalq banklararası sisteminə ehtiyacı aradan qaldırıb. Kərimi qeyd edib ki, İran banklarının maliyyə əməliyyatlarını həyata keçirmək üçün artıq SWIFT sisteminə ehtiyacı yoxdur: "Rusiya üzrə bütün banklar, SPFS (maliyyə hesablaşma sistemi: SWIFT maliyyə köçürmə sisteminin Rusiya ekvivalenti) ilə çıxışı olan digər ölkələrdəki Rusiya banklarının bütün filialları və 106 qeyri-rus bankı 13 ölkədə artıq SEPAM-a qoşulub. Rusiyanın SPFS-si İran SEPAM ilə əlaqəli olduğundan, Rusiya şəbəkəsinə çıxışı olan hər kəs indi İran banklarına və əksinə qoşula bilər. SEPAM və SPFS arasında mesajlar SWIFT standartları əsasında göndərilir".
Yada salaq ki, 2022-ci ilin oktyabrında Rusiyanın İrandakı ticarət nümayəndəsi Rüstəm Jiqanşin Rusiya və İran arasında SWIFT beynəlxalq banklararası məlumat və ödəniş sisteminin analoqunu işə salmağı planlaşdırdığını açıqlayıb.
İran mediası xəbər verir ki, 2022-ci ilin yanvar-iyul ayları arasında Rusiya ilə İran arasında ikitərəfli ticarət illik müqayisədə 44,9% artaraq 2,8 milyard dollar təşkil edib.