Baydenin qəfil Ukrayna səfəri nəyə hesablanıb? - ŞƏRH
ABŞ prezidenti Co Baydenin Ukraynaya qəfil səfəri maraqla qarşılanıb. Siyasi şərhçilərin bu səfərə münasibəti də birmənalı deyil. Bəziləri hesab edir ki, Bayden artıq "Ukrayna bataqlığından" çıxmaq istəyir. ABŞ-da növbəti ilin seçki ili olduğunu xatırladan ekspertlərə görə, artıq Bayden Ukraynadan qələbə istəyir.
AFN.az-ın xəbərinə görə, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu mövzu ilə bağlı danışarkən bildirib ki, Co Bayden keçmiş prezident Barak Obamanın kabinetində vitse-prezident olduğu illərdən Ukrayna ilə məşğul olur. "Obama Ukraynanı Baydenə tapşırmışdı, o da tez-tez Kiyevə gedər və keçmiş prezident Petro Poroşenko ilə müzakirələr aparardı" - deyə politoloq bildirib.
Səfərin gizlin saxlanması məsələsinə gəlincə, E.Şahinoğlu hesab edir ki, Baydenin son ana qədər gizli saxlanılan indiki səfərinin xüsusi əhəmiyyəti var: "Əvvəla, Bayden Amerikanın Ukraynaya yeni yardımlarını Kiyevdə ikən açıqlamağı lazım bilib. İkincisi, Bayden Rusiyanın genişlənən hücumları fonunda Kreml sahibi Vladimir Putinə mesaj yollayıb ki, ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək və Ukrayna prezidenti Volodimir Zelenskini əks-hücuma həvəsləndirəcək. Üçüncüsü, Bayden döyüşlərin gərgin olduğu hazırki günlərində Kiyevə getməklə Avropa ölkələrinə Ukraynaya hərbi texnika göndərmək məsələsində Amerika qədər cəsarətli olmağı işarə edib".