Rusiya təyyarəsi Belarusda vuruldu


Fevralın 26-da səhər saatlarında Belarusun "Maçulişçi" hərbi aerodromunda partlayışlar baş verib. Aerodrom Minskdən 12 km aralıda yerləşir.


AFN.az xəbər verir ki, bu barədə Telegram kanalında hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının yaratdığı BYPOL müxalifət hərəkatı məlumat yayıb. Onlar bildiriblər ki, azı iki partlayış nəticəsində Rusiyaya məxsus hərbi nəqliyyat təyyarəsi və qartəmizləyən maşınlar zədələnib. Qeyd olunub ki, aerodrom ərazisində yerli sakinlər çoxlu sayda hərbçi və yol polisi ekipajını müşahidə edir, onlar yoldan keçən bütün avtomobilləri yoxlayır. Partlayışların səbəbi dəqiqləşdirilməyib.

Daha sonra BYPOL hərbi aerodromda təxribat törədildiyini, nəticədə Rusiyanın erkən xəbərdarlıq və nəzarət radarına (AWACS) A-50 hərbi təyyarəsinə ciddi ziyan dəydiyini - onun ön və mərkəzi hissələrinin zədələndiyini, habelə avionika və radar antenasının sıradan çıxdığını bildirib.

BYPOL-un rəhbəri Aleksandr Azarov “Naşa Niva”ya bildirib ki, Maçulişçi hərbi aerodromunda təxribatda belarus partizanları iştirak edib. Azarov "Belsat"a verdiyi şərhdə bunun pilotsuz təyyarələrin köməyi ilə həyata keçirildiyini və əməliyyatın bütün iştirakçılarının artıq Belarusdan kənarda olduğunu bildirib.

Hava limanında baş verən partlayışlarla bağlı məlumatı jurnalist Anton Motolko və “Belarus Moskva Dairəvi Yolundan kənarda” Telegram kanalı təsdiqləyib. Rusiya hərbi müxbirləri Yuri Kotenok və Semyon Peqov da yazıblar ki, aerodrom yəqin ki, pilotsuz təyyarələrlə hücuma məruz qalıb.

Belarus və Rusiya Federasiyasının hakimiyyət orqanları insidentlə bağlı hələlik şərh verməyib. “Zerkala”nın jurnalistləri Belarus Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Fövqəladə Hallar Nazirliyindən nəşrə bildiriblər ki, partlayışlar barədə məlumat yoxdur və Müdafiə Nazirliyinin məlumatına görə, “ciddi heç nə baş verməyib”.

“Belarus Qayun” monitorinq qrupunun məlumatına görə, 2023-cü il yanvarın 3-də Belarusa gələn Rusiya Aerokosmik Qüvvələrinə məxsus RF-50608 qeydiyyat nömrəli AWACS A-50U təyyarəsi zədələnib. Qrupun məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrində cəmi 9 belə təyyarə var, onlardan 6-sı qabaqcıldır. Belə bir təyyarənin dəyəri 330 milyon dollar qiymətləndirilir.

Bu arada “Ukrainska Pravda” internet nəşri xatırladır ki, “Kinjal” hipersəs raketlərinin daşıyıcı təyyarələri adətən Maçulişçi aerodromundan havaya qalxır, buna görə də Ukrayna hava hücumu xəbərdarlığı elan edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu