Rusiyayla Ukrayna arasında "taxıl müharibəsi" kəskinləşir


Kiyev martın 18-də başa çatacaq taxıl müqaviləsinin qeyri-məhdud müddətə uzadılmasının tərəfdarıdır. Bu barədə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak bildirib.


"Biz taxıl təşəbbüsünün qeyri-müəyyən müddətə uzadılmasının tərəfdarıyıq", - AFN.az-ın xəbərinə görə, o, bu gün yerli və xarici jurnalistlərlə görüşündən sonra özünün Telegram kanalında yazıb. Yermak əlavə edib ki, taxıl müqaviləsinin uzadılması mövzusu martın 8-də BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfəri zamanı müzakirə edilən əsas məsələlərdən biri olub.

Kiyevdə dəfələrlə bəyan ediblər ki, onlar müqavilələrin müddətini bir il uzatmaq və onların əhatə dairəsini Ukraynanın digər limanlarına da genişləndirmək istəyirlər.

Ukraynadan ərzaq ixracına dair müqavilələr 22 iyul 2022-ci ildə İstanbulda 120 gün müddətinə imzalanıb. Müqavilələrdən biri ilkin olaraq 2022-ci il noyabrın 19-dək qüvvədə olub və Kiyevin nəzarətində olan Odessa, Çornomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyirdi. Noyabrın 17-də müqavilələrin müddəti daha 120 gün uzadılıb. Rusiya Xarici İşlər Nazirliyi izah edib ki, müqavilənin müddəti avtomatik uzadılıb, ona görə ki, müqavilədə iştirak edən tərəflərin (Rusiya, Türkiyə, Ukrayna, BMT) etirazı olmayıb. İkinci müddət martın 18-də başa çatır.

Rusiya tərəfi həmçinin sövdələşmənin müəyyən bəndlərinin, o cümlədən taxılın əsasən ən kasıb ölkələrə getməsi barədə razılaşmanın yerinə yetirilməməsini iddia edib. Bu kontekstdə Rusiya gübrələrinin və ərzaq məhsullarının dünya bazarına çıxarılmasına maneələrin yaradılmasına da diqqət çəkilib. Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib ki, İstanbul paketi sazişləri konsepsiyası və taxıl sazişinin martda nəzərəçarpacaq nəticələri olmadan uzadılması Rusiya tərəfi üçün yersiz görünür. Martın 2-də Rusiya Xarici İşlər Nazirliyi taxıl sazişinin işləmədiyini, Qərbin razılaşmaların Rusiya hissəsinin icrasını sabotaj etdiyini bildirib.

Müşahidəçilər hesab edir ki, Rusiya öz iqtisadi maraqlarına görə Ukrayna məhsulunun dünya bazarına yolunu bağlamağa çalışır. Belə ki, bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin statistikasına əsasən 2023-cü il iyunun 30-dək xaricə 30-35 milyon ton taxıl ixrac edilməlidir. 2022-ci ilin ikinci yarısında Rusiyanın taxıl ixracı 29 milyon ton təşkil edib. 2022-2023-cü il mövsümündə Rusiya 60 milyon ton taxıl ixracı planlaşdırır ki, bunun 39,5 milyon tonu buğda olacaq. Ötən mövsümdə rekord həcmdə məhsul əldə edən Rusiya mart-iyun ayları ərzində 46 milyon tondan yuxarı taxıl satmalıdır ki, fermerlər ziyana düşməsin. Rusiya Kənd Təsərrüfatı Nazirliyi dövlət ehtiyacları üzrə alışları artıq yekunlaşdırıb. İllik 45 milyon ton civarında olan daxili istehlak üçün bu il 50 milyon ton ayrılıb. Qalan məhsul isə iyulun əvvəlinə - yeni məhsul yığımı başlayana qədər satılmalıdır.
Ukraynanın məhsulu Rusiyanın fokuslandığı ölkələrə - Misir, Əlcəzair, Mərakeş, Livan və digərlərinə gedir. Bu isə Rusiyaya sərf etmir, çünki həmin ölkələrə öz məhsulunu satmaq istəyir.
Digər tərəfdən, Ukrayna məhsulunun dünya bazarına yolu açılandan buğdanın dünya bazar qiyməti 530-540 dollardan 300 dollara qədər ucuzlaşıb. Qərbin sanksiyalarına məruz qalan Rusiya alıcıları cəlb etmək üçün öz məhsulunu dünya bazar qiymətindən 15-20 dollar ucuza satır. Ukrayna məhsulunun dünya bazarına yolu böyük ölçüdə bağlanarsa, qiymətlərin yenidən bahalaşması baş verəcək. BMT artıq bu barədə xəbərdarlıqla çıxış edib. Bahalaşma isə Rusiya üçün əlverişli şərait formalaşdıracaq. Bütün bunlara görə də Ukrayna qarşısında icrası mümkün olmayan tələb qoyulur: Odessa terminallarından Rusiyanın maye amonyak gübrəsinin ixracına icazə versin. Ukrayna, təbii ki, bu tələbi qəbul etməyəcək. Rusiya isə ən azı 3-4 aylıq müddətdə Ukrayna limanlarından ixracı dayandırmaqla öz məhsulunu yüksək qiymətə satmaq imkanı qazanmağa çalışacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu