ABŞ Lukaşenkonun təyyarəsini blokladı
ABŞ Belarusun bir neçə dövlət müəssisəsinə, məmurlarına, o cümlədən Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyalar tətbiq edir.
AFN.az ABŞ Maliyyə Nazirliyinin saytında verilən xəbərə istinadən bildirir ki, Xarici Aktivlərə Nəzarət İdarəsi üç təşkilatı və doqquz şəxsi siyahıya alır, həmçinin Belarus prezidentinin təyyarəsini bloklanmış mülk kimi təyin edir. "Avtoritar Lukaşenko rejimi Belarus xalqına qarşı repressiv hərəkətlər həyata keçirməyə imkan verən əhəmiyyətli gəlirlər əldə etmək üçün dövlət müəssisələrinə və əsas məmurlara güvənir. Biz Lukaşenko rejimini demokratiyanı boğduğuna və Putinin müharibəsinə verdiyi dəstəyə görə məsuliyyətə cəlb etməyə sadiqik", - deyə maliyyə nazirinin müavini Brayan Nelson bildirib.
BelAZ və MAZ zavodlarının da olduğu siyahıya Belarus MSK və onun yeddi üzvü də daxildir. Lukaşenkonun “Boeing 737” təyyarəsi də sanksiyalar altına alınıb. "Lukaşenkonun EW-001PA və digər lüks təyyarələrdən eksklüziv çıxışı var və onlardan şəxsi səyahətlər üçün istifadə edir. Üstəlik, Lukaşenko EW-001PA-dan ailəsi və ətrafının digər üzvləri ilə beynəlxalq səyahətlər üçün istifadə edib", - məlumatda deyilir.
Bundan əvvəl Böyük Britaniya hökuməti Lukaşenka rejiminin Ukraynaya müdaxiləsini dəstəklədiyi üçün Belarusa qarşı iqtisadi, ticarət və nəqliyyat sanksiyaları tətbiq edib.