Azərbaycanla sıx əməkdaşlıq edən zavodlar ABŞ-ın sanksiya siyahısına salındı


ABŞ Maliyyə Nazirliyi Belarusun maşınqayırma müəssisələrinə - Belarus Avtomobil Zavodu (BelAZ) və Minsk Avtomobil Zavoduna (MAZ) qarşı sanksiyalar tətbiq edib.


AFN.az-ın xəbərinə görə, bu barədə qurumun saytında yer alan xəbərdə deyilir. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) həmçinin Belarusdan olan doqquz şəxsi siyahıya salıb və respublikaçı prezident Aleksandr Lukaşenkonun bir "Boeing-737" təyyarəsini bloklanmış əmlak kimi müəyyənləşdirib.

Qeyd olunur ki, daha əvvəl BelAZ və MAZ-a qarşı sanksiyalar Avropa İttifaqı və Kanada tərəfindən tətbiq edilib. Sanksiyalar BelAZ-ın baş direktoru Sergey Nikiforoviç və MAZ-ın rəhbəri Valeri İvankoviçə də tətbiq edilib.

Tətbiq olunan sanksiyalar siyahıda olan şirkətlərin və şəxslərin ABŞ-da yerləşən bütün əmlaklarının bloklanmasını nəzərdə tutur. Bir və ya daha çox bloklanmış şəxsə birbaşa və ya dolayısı ilə 50% və ya daha çox məxsus olan hər hansı təşkilatların fərdi və ya məcmu şəkildə fəaliyyəti də bloklanır.

Sanksiya siyahısına daxil edilən şirkətlərlə əməliyyatlar aparan maliyyə qurumları və digər şəxslərin ABŞ sanksiyalarına düşə biləcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan sanksiya altına salınan hər iki şirkətlə yaxından əməkdaşlıq edir. Ölkəyə həmin zavodların məhsulu olan müxtəlif kənd təsərrüfatı texnikası idxal edilir, həmçinin Gəncə Avtomobil Zavodunda onların yığımı həyata keçirilir.

Xatırladaq ki, 2006-cı ilin oktyabrında Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarus Prezidenti ilə razılığa gəlinib. Bu razılığa əsasən avtozavod bu müəssisələrlə müqavilə bağlayıb. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. Qeyd edək ki, zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
2007-2022-ci illərdə “Gəncə Avtomobil Zavodu”nda təxminən $230 milyon dəyərində 12 minə yaxın Belarusd traktoru, həmçinin $200 milyon dəyərindən artıq 4 min ədəd MAZ, MTYMZ, “Qomselmaş”, “AMKODOR”, “Belkomunmaş”ın texnikası yığılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu