Putin Hitlerin səhvini təkrarlayır - ŞƏRH


Rusiya ordusu aylardır kiçik şəhər olan Baxmutu işğal edə bilmədiyinə görə hər gün böyük itkilər verir. Müxtəlif məlumatlarda bildirilir ki, işğalçı ordu “Vaqner” muzdlu qrupu ilə birgə bu şəhərdə 30 minə yaxın döyüşçüsünü itirib.


AFN.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu durumu şərh edərkən bildirib ki, Vladimir Putin Baxmutda Rusiyaya qəbir qazır: "Suriyada, Liviyada və Afrikanın mərkəzi ölkələrində ad və pul qazanan “Vaqner” Baxmutda ən ağır məhrumiyyətlərlə üzləşib. ABŞ vaxtilə Ukrayna prezidenti Volodimir Zelenskiyə Baxmutu tərk edib geridə müdafiənin təşkilini təklif etmişdi. Zelenski razılaşmadı və haqlı çıxdı".
Zelenskini həmin vaxt Baxmutu tərk etməməsini bu arqumentlərlə izah etmişdi: 1.Əgər Baxmut Rusiya qoşunlarına təhvil verilsə, Rusiya prezidenti Vladimir Putin bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana “satacaq”. 2. Baxmutun təhvil verilməsi nəticəsində Putin “qan qoxusunu hiss edəcək” və ukraynalıların zəiflədiyini düşünərək, təzyiqi daha da artırmağa çalışacaq. 3. Baxmut ruslara təhvil veriləcəyi təqdirdə Ukrayna daxilində siyasi proseslər arzuolunmaz məcraya yönələ və ukraynalıların hakimiyyətə, eləcə də müharibənin gedişinə münasibəti dəyişə bilər, cəmiyyət yorğunluq hiss edəcək və rəhbərliyi Rusiya ilə kompromissə yönləndirməyə başlayacaq. E.Şahinoğlu bunları "Zelenskinin dəmir arqumentləri" adlandıraraq fikrini belə tamamlayıb: "Putin Hitlerin səhvini təkrarlayır. Hitler üçün İkinci Dünya müharibəsi zamanı Stalinqradı işğal etmək prinsipial məsələydi. Alman qoşunları şəhərə daxil oldular və aylarla küçə döyüşləri davam etdi, Berlin indiki Moskva kimi hər gün “şəhər bizimdir” deyərkən sovet qoşunları müqaviməti gücləndirərək şəhəri geri aldı. Stalinqrad uğursuzluğu Hitler Almaniyasının sonunun başlanğıcı oldu. Putin eyni yolla gedir".

Qeyd edək ki, Qərbin aylarla davam edən müzakirələrinin sonunda Ukraynaya verməyə razılıq verdiyi silahlar, hərbi texnikalar artıq bir ucdan gəlməyə başlayıb. Belə bir şəraitdə Baxmutda və bütövlükdə Ukraynaboyu mübarizədə ukraynalıların üstünlük qazanmasına, müharibənin taleyinin həll olunmasına az müddət qaldığını demək mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu