Tsi Cinpin Kiyevə niyə getmək istəmir? - ŞƏRH


Çin lideri Tsi Cinpin Moskva səfərinin ardından Kiyevə rəsmi səfəri məsələsi gündəmə gəlib. Hətta Ukrayna prezidenti Volodimir Zelenski Çin liderini ölkəsinə dəvət edərək, Rusiya və Ukrayna arasında vasitəçilik təklifini üz-üzə müzakirə etməyi təklif edib. Zelenski Tsi Cinpinin təklif etdiyi 12 maddəlik sülh düsturunu da rədd etməyib. Bu isə Ukrayna liderinin dialoqda maraqlı olduğunu düşünməyə əsas verir.


Bu situasiyada "Çin lideri niyə Kiyevə getmək istəmir?" sualı aktuallaşıb. AFN.az xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzinin ekspertləri mövzu ilə bağlı şərh veriblər. Şərhdə qeyd edilir ki, Çin lideri Moskva ilə siyasi və iqtisadi istiqamətlərdə strateji tərəfdaşlığı genişləndirməkdə maraqlıdır. "O, Kiyevə gedib Ukrayna prezidenti ilə görüşməklə Kreml sahibi Vladimir Putinlə tərəfdaşlığına kölgə salmaq istəmir. Pekin Rusiyadan ucuz neft və qaz almaqda maraqlıdır" - deyə analitiklər qeyd ediblər.
Ekspertlərin qənaətincə Tsi Cinpinin Kiyevə səfərini əngəlləyən ikinci məsələ rəsmi Pekinin Zelenskini Vaşinqtonun müttəfiqi saymasıdır: "Pekində hesab edirlər ki, Zelenski Vaşinqtonun təlimatları əsasında hərəkət edir. Tsi Cinpin bu səbəbdən də Kiyevə gedib Zelenski ilə görüşmək istəmir. Təbii ki, Tsi Cinpin Zelenski ilə görüşmədən Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilməyəcək. Əslində isə Pekin vasitəçi olmaq da istəmir, sadəcə Tsi Cinpin Qərbin Çinə qarşı artan təzyiqlərindən qurtulmaq üçün özünü “sülhdə maraqlı olan tərəf” kimi göstərmək istəyir".
Bu, baş tutmur. Çünki onun vasitəçiliyinin Rusiyanın xeyrinə olduğunu hamı anlayır. Tsi Cinpinin səsləndirdiyi bir neçə bəyanat da bu fikri qüvvətləndirir. Məsələn, Çin lideri Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, “Rusiyanın müharibəyə başlama səbəblərini anlayırıq” fikrini bir neçə dəfə səsləndirib: "Yəni Tsi Cinpin demək istəyib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla beynəlxalq hüququ pozmayıb, Kreml “həyati maraqlarından çıxış edib”. Görünür, Tsi Cinpin ona da işarə edib ki, Ukrayna Kremlin tələbi ilə NATO və Avropa İttifaqı üzvülüyndən imtina etməliydi".
Analitiklər bildirirlər ki, Tsi Cinpinin 12 maddəlik təkliflərində Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi vacibliyi göstərilməyib. "Təklifllərin ümumi mahiyyəti budur ki, tərəflər arasında atəşkəs elan olunsun. Qarabağ nümunəsində atəşkəsin nəyə səbəb olduğunu bilirik, bu işğalın rəsmiləşdirilməsinə şərait yaradır. Rusiya-Ukrayna müharibəsində atəşkəs elan olunarsa İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə - Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda olduğu kimi Rusiyanın işğalçı qoşunları Ukrayna ərazisini tərk etməyəcək və uzun onilliklər Kiyevlə Moskva arasında nəticəsi olmayan danışıqlar davam edəcək. Bu isə Rusiyanın maraqlarına uyğundur" - deyə mərkəz ekspertləri vurğulayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu