Moldova Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarır


Moldova hökuməti Rusiya səfirliyinin bir əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. Bu qərar Tatarıstan rəhbəri Rüstəm Minnixanovun Moldovaya girişinə icazə verilməməsindən sonra qəbul edilib.


AFN.az "Noi"yə istinadən xəbər verir ki, bunu Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Filip Kojokaru bildirib. "Rusiya Federasiyasının Kişinyovdakı səfirliyinin əməkdaşının ölkəmiz ərazisində persona non-qrata elan edilməsi qərara alınıb", - deyə o bildirib.

Eyni zamanda XİN nümayəndəsi əlavə edib ki, Rusiya səfirliyinin daha iki əməkdaşı hava limanına xüsusi girişdən məhrum edilib.

Xatırladaq ki, aprelin 17-də Tatarıstan rəhbəri Rüstəm Minixanov Moldovaya buraxılmayıb. O, Qaqauziyanın muxtar ərazi vahidində keçirilən tədbirdə iştirak etməyi planlaşdırırdı.

Moldova sərhədçiləri bir neçə xarici vətəndaşın ölkəyə girişinə icazə verməyiblər. Verilən açıqlamaya görə, onlar səyahətlərinin məqsədini əsaslandıra bilməyiblər, ifadələrini çaşdırıblar və ölkəyə səfərlərinin məqsədi ilə bağlı ziddiyyətli məlumatlar veriblər.

Qeyd edək ki, Tatarıstan rəhbəri Aİ və Kanadanın sanksiyaları altındadır. O, Rusiya Silahlı Qüvvələri üçün strateji bombardmançı təyyarələr istehsal edən "Tupolev PJSC"-nin idarə heyətinin rəhbəridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu