Aİ sursat istehsalını artırmağı planlaşdırır


Avropa İttifaqı icra orqanları Ukraynaya kömək məqsədilə döyüş sursatlarının istehsalını artırmaq və quruma üzv ölkələrin ehtiyatlarını artırmaq üçün 500 milyon avrodan çox (550 milyon dollar) ayırmağı planlaşdırır.


AFN.az Reuters-ə istinadən xəbər verir ki, Avropa Komissiyası tərəfindən rəsmən təqdim ediləcək plana əsasən, qurum Avropa silah firmalarına sursat və raket istehsalını artıran investisiyalar üçün subsidiyalar verəcək. Aİ-nin daxili bazar üzrə komissarı Thierry Breton vəziyyəti şərh edərkən bildirib ki, İttifaqın sənayesi müharibə iqtisadiyyatı rejiminə keçməlidir.

Plan reallığa çevrilməsi üçün Aİ hökumətləri və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Sxem Aİ-nin Ukraynaya daha çox sursat və silah, xüsusilə də 155 mm-lik artilleriya mərmiləri ilə təmin edilməsi təşəbbüsünün üçüncü hissəsidir.

12 ay ərzində Ukraynaya 1 milyon patron verilməsi səyləri çərçivəsində Aİ üzv ölkələrin öz ehtiyatlarından Ukraynaya göndərəcəkləri sursat və raketlər üçün artıq 1 milyard avro (1,10 milyard dollar) ayırmağa razılaşıb.

Aİ bu cür sursatların birgə alınması üçün əlavə 1 milyard avro ayırıb.

Sursat proqramının sonuncu elementi silah firmalarını istehsalı artırmağa həvəsləndirmək məqsədi daşıyır. O, istehsal gücünün artırılması üzrə layihələrin qismən maliyyələşdirilməsinə Aİ büdcəsindən 500 milyon avronun ayrılmasını nəzərdə tutur. Plan həmçinin həmrəylik fondları kimi tanınan Aİ-nin regional inkişaf fondlarından, eləcə də koronavirus pandemiyasından bərpa fondlarından bu cür layihələr üçün istifadə etməyə imkan verəcək.

Breton bildirib ki, Aİ-nin döyüş sursatı istehsalı üçün əhəmiyyətli sənaye bazası var, lakin bu gün onun Ukrayna və üzv dövlətlərimizin təhlükəsizlik ehtiyaclarını ödəmək üçün elə bir miqyası yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu