ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Cənubi Koreyaya gedəcək - RƏSMİ
Ohayo sinfinə aid nüvə sualtı qayığı Cənubi Koreyaya daxil olacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib. "Mən əvvəlcədən heç bir yerləşdirmə qrafikini elan etməyəcəyəm. O, Ohayo sinifli SSBN (nüvə ballistik raket sualtı qayığı) modeli olacaq. Ancaq deyə biləcəyim tək şey budur" - deyə Rayder qeyd edib.
O, sualtı qayığın xüsusi faydalı yükü ilə bağlı təfərrüata varmayacağını vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Şimali Koreyanın ABŞ və müttəfiqlərinə nüvə hücumu edəcəyi təqdirdə ona "rejimi dəyişəcəyini" vəd etmişdi.
Amerika mətbuatı ABŞ-ın öz nüvə sualtı qayıqlarını Cənubi Koreya sahillərinə göndərəcəyi barədə məlumat yaymışdı. CNN aydınlaşdırır ki, ölkələrin yeni sazişi "Şimali Koreyanın təcavüzünün qarşısını almaq məqsədi daşıyır" və bu, Vaşinqtonun 40 ildə ilk dəfə Cənubi Koreyada nüvə sualtı qayıqları yerləşdirmək öhdəliyini ehtiva edir.
Aprelin 26-da Cənubi Koreya lideri Yoon Seok-yeol Vaşinqtonda Baydenlə danışıqlar aparıb. Amerika lideri həmsöhbəti ilə Tayvan boğazında sülh və sabitliyin möhkəmləndirilməsi, Cənubi Çin dənizində və onun hüdudlarından kənarda naviqasiya azadlığının təmin edilməsi istiqamətində əməkdaşlığı müzakirə etdiyini bildirib.