Rusiyadan qonşu ölkələrə mal axınında qeyri-adi artım var - Avropa İttifaqı
Avropa İttifaqı (Aİ) Rusiya Federasiyası ilə qonşu olan ölkələrə, o cümlədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan ölkələrə anti-Rusiya sanksiyalarına məruz qalan mal axınının qeyri-adi artımının olduğunu açıqlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) ticarət və iqtisadiyyat üzrə icraçı vitse-prezidenti Valdis Dombrovskis deyib. "Bu yaxınlarda Aİ ölkələri 2022-ci ildə qəbul edilmiş məhdudlaşdırıcı tədbirlərin pozulması ilə bağlı ilk dosyelərə baxmağa başlayıb. Bu, təkcə Aİ ölkələrinə deyil, həm də sanksiyalara məruz qalan mallar da daxil olmaqla ticarət axınlarında qeyri-adi artımın müşahidə olunduğu üçüncü ölkələrə də aiddir", - deyə o, Aİ maliyyə nazirlərinin görüşündən sonra Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
Aİ rəsmisi bildirib ki, bura Avropa İttifaqından Rusiya ilə qonşu olan ölkələrə, eləcə də Avropa sanksiyalarına qoşulmayan digər ölkələrə ixrac da daxildir. Vitse-prezident qeyd edib ki, Avropa Komissiyası aidiyyəti dövlətlərdən anomal axınları izah etməyi və dayandırılması üçün təsirli tədbirlər görməyi xahiş edib.
Bununla yanaşı, o vurğulayıb ki, sanksiyalardan yayınma onların effektivliyini zəiflədir və Aİ-nin daxili bazarına ziyan vurur, haqsız rəqabət yaradır.
Qeyd edək ki, Avropa Birliyi indiyədək Rusiyaya qarşı 10 sanksiya paketi tətbiq edib.