Aİ Rusiya və Belarus taxılına gömrük rüsumlarını artıracaq


Avropa İttifaqı (Aİ) Rusiya və Belarusdan idxal olunan taxılın gömrük rüsumlarını artırmağa hazırlaşır.


Aİ Komissiyası üzv ölkələrə Rusiya və Belarusdan idxal edilən buğda, qarğıdalı və günəbaxan unu kimi taxıl və yağlı bitkilərə gömrük rüsumlarının artırılması təklifini açıqlayıb.

Açıqlamada, əlavə vergilərin bu məhsulların Aİ-yə idxalını əngəlləyəcəyi, lakin üçüncü ölkələrə ixracına mane olmayacağı bildirilib.

Bu təcrübənin Rusiya taxıl məhsullarını Aİ bazarına yönəltməklə daxili bazarın sabitliyinin pozulmasının qarşısını alacağı bildirilib və Aİ ölkələrində fermerlərin bu vəziyyətdən narahat olduğu xatırladılıb.

Açıqlamada Rusiyanın Ukrayna ərazisində qeyri-qanuni yolla ələ keçirdiyi taxılın Aİ bazarına çıxışının qarşısının alınacağına işarə edilib və əlavə edilib: “Təklif olunan gömrük rüsumları bu qeyri-qanuni ixrac üsulunun sərfəli olmamasını təmin edəcək”.

Rusiyanın AB-yə taxıl ixracından əldə etdiyi gəlirləri müharibəni maliyyələşdirmək üçün istifadə etməsinin qarşısı alınacağı qeyd edilib və Rusiyanın 2023-cü ildə Aİ-yə təxminən 1,3 milyard avro dəyərində taxıl məhsulları ixrac etdiyi vurğulanıb.

Həmçinin artırılan gömrük rüsumlarının Rusiya ilə sıx siyasi və iqtisadi əlaqələri olan Belarusa da şamil ediləcəyi və Rusiyanın Belarus üzərindən Avropa İttifaqı ölkələrinə məhsul göndərə bilməyəcəyi bildirilib.

Açıqlamada, təklifin AB üzv ölkələrinə təqdim edildiyi və əlavə gömrük rüsumlarının təsdiq edildikdən dərhal sonra qüvvəyə minəcəyi və yeni gömrük rüsumlarının ton başına 95 avro və ya dəyərin yüzdə 50-si olaraq təyin edildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu