ABŞ İranın raket proqramına qarşı yeni sanksiyalar tətbiq edir


Birləşmiş Ştatlar Tehranın yeni hipersəs raketi təqdim etməsinə cavab olaraq İranın ballistik raketlərin inkişafı proqramına qarşı yeni sanksiyalar tətbiq edib.


AFN.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Ağ Ev rəsmiləri İranın hərəkətlərini sabitliyi pozmaq kimi dəyərləndiriblər.

Milli Təhlükəsizlik Şurasının kommunikasiyalar üzrə direktoru Con Kirbi bununla bağlı deyib: "Bayden administrasiyası təkmil ballistik raket proqramının inkişafı da daxil olmaqla, İranın regionda sabitliyi pozan hərəkətlərini dayandırmaqda çox aydın və qətiyyətli olub. Mən bu iddia edilən səsdən sürətli raketlə bağlı konkret hesabatlar barədə danışmayacağam, lakin biz İranın bölgədəki fəaliyyətinə, o cümlədən ballistik raket proqramına qarşı çıxmaq üçün çox aydın sanksiyalar tətbiq etdik və digər tədbirlər gördük".

İranın dövlət televiziyası bildirib ki, "Fəttah" raketi 1400 kilometrə qədər məsafə qət edə bilir. Bu, hava yolu ilə Tehranla Qüds arasındakı məsafədən bir qədər azdır.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, yeni sanksiyalar İran, Çin və Honq Konqda uranı silah səviyyəsinə qədər zənginləşdirmək üçün tez-tez istifadə olunan sentrifuqalar da daxil olmaqla, Tehranın raket proqramını həssas və kritik elementlər və texnologiyalarla təmin edən yeddi fiziki və altı qurumu hədəf alır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu