Rusiya Xarici İşlər Nazirliyi taxıl müqaviləsinin uzadılması şərtini açıqlayıb
Moskva taxıl müqaviləsinin uzadılması ilə bağlı qərarını yalnız öz maraqlarından çıxış edərək verəcək.
AFN.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Cenevrədə BMT ilə danışıqların yekunu üzrə müzakirələr zamanı bildirib.
“Hesab edirəm ki, istənilən şəraitdə biz Rusiya tərəfinin maraqlarının aydın şəkildə dərk edilməsini rəhbər tutmalıyıq. Ona görə də biz bunu rəhbər tutacağıq”, - nazir müavini Rusiyanın iyulun 18-dən sonra taxıl müqaviləsini uzadıb-uzadmayacağı sualına cavab verərkən bu sözləri qeyd edib.
İyunun əvvəlində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, taxıl müqaviləsinin uzadılması perspektivi yoxdur. Onun sözlərinə görə, Moskva bəyan edib ki, sazişin sonrakı etibarlılığının şərti beş bəndə əməl olunmasıdır, bunsuz Rusiya ilə BMT arasında anlaşma memorandumunun fəaliyyət göstərməsi mümkün deyil. Lakin bu tələblər yerinə yetirilmir.
Həmin ərəfədə məlum olub ki, iyunun 9-da Cenevrədə Rusiya tərəfi ilə BMT arasında taxıl sazişi üzrə yeni danışıqlar başlayıb. Verşinin və BMT nümayəndə heyətinin rəhbəri, UNCTAD-ın baş katibi Rebeka Qrinspan Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına çıxarılması üçün Rusiya ilə BMT arasında Anlaşma Memorandumunun həyata keçirilməsi ilə bağlı məsləhətləşmələr aparıblar.