Latviya bütün helikopterlərini Ukraynaya təhvil verməyə hazırdır: baş nazir açıqladı
Latviyanın baş naziri Krisjanis Karins bildirib ki, ölkəsi bütün helikopterlərinin Ukraynaya təhvil verilməsini başa çatdırmağa hazırlaşır.
Londonda Ukraynanın bərpası ilə bağlı "The Independent" nəşrinin yayımladığı beynəlxalq konfransda o qeyd edib ki, Latviyanın bütün "Stinger" zenit-raket kompleksləri artıq Kiyevə verilib.
"Rusiya və Latviyanın tarixi bir-birinə bağlıdır və biz heç vaxt şərqimizdə işlərin çox yaxşı getdiyi illüziyasına qapılmamışıq, işlərin çox pis getdiyinə dair bütün əlamətləri bilirik. Ona görə də bu hadisələrin başlanğıcında Ukraynaya hərbi yardım göndərmək qərarına gəldik. "Stinger"lərimiz tam miqyaslı işğalın başlamasından bir gün əvvəl Ukraynaya çatdırıldı. Həmin vaxtdan bəri Latviya hökuməti Ukraynaya bütün növ yardımlara ÜDM-in 1,3%-dən çoxunu xərcləyib ki, bunun da 1%-i hərbi ehtiyaclara yönəlib".
Konfrans zamanı Latviyanın baş naziri vurğulayıb ki, Kiyevin müttəfiqləri Ukrayna tərəfini dəstəkləməyə davam etməlidirlər. Onun sözlərinə görə, bütün Avropada təhlükəsizliyi təmin etmək üçün Ukraynanın təkcə Avropa İttifaqına deyil, həm də NATO-ya daxil olmasını təmin etmək lazımdır.
"Bizim helikopter parkımız da var. Biz onları Ukraynaya göndərəcəyik, onlardan istifadə etmək olar, yaxşı görünürlər. Biz təxminən 3000 nəfər ukraynalı əsgər üçün təlim keçirik. Əgər Latviya kimi kiçik ölkə ÜDM-in 1,3%-ni xərcləyə bilirsə, siz də edə bilərsiniz" - deyə cənab Karins yekunlaşdırıb.