Türkiyə və İtaliya "AVRO-2032"-yə birgə namizədlik üçün müraciət edəcək


Türkiyə Futbol Federasiyası (TFF) 2032-ci il Avropa Futbol Çempionatının (AVRO 2032) təşkili üçün İtaliya Futbol Federasiyası ilə ortaq namizədlik müraciətinin ediləcəyini açıqlayıb.


Federasiyanın internet saytında yer alan açıqlamada bildirilir ki, TFF və İtaliya Futbol Federasiyası müzakirələr və qiymətləndirmələrdən sonra AVRO 2032-nin birlikdə təşkili üçün UEFA-ya birgə müraciət etmək qərarına gəlib.

Açıqlamada birgə təşkil edilən AVRO 2008, 2012 və 2020 və 2022 FIFA Dünya Kuboklarının uğurla başa çatdığı bildirilib və qeyd edilib: "Yaxın vaxtlarda ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı aparılan araşdırmalar göstərdi ki, bu ölçüdə turnirlər birgə təşkil olunarsa, daha çox futbol azarkeşi ilə ünsiyyət qurmaq olar və turnirlər səmərəli və davamlı şəkildə tamamlanır. UEFA, TFF və İtaliya Futbol Federasiyasının bu gün birgə etdikləri namizədlik ərizələrini qəbul etsə, qalan namizədlik prosesi birgə həyata keçiriləcək və tələb olunan məlumat və sənədlər yenilənərək təqdim ediləcək. Ev sahibi şəhərlər və stadionlar iki federasiya tərəfindən daha əvvəl UEFA-ya bildirilən stadionlar arasından müəyyənləşəcək, turnir iki ölkə arasında keçirilir. Ev sahibi şəhərlərin və stadionların seçilməsi ilə bağlı yekun qərar gələcək mülahizələrdən sonra veriləcək”.

TFF prezidenti Mehmet Büyükekşi birgə namizədlik müraciəti ilə bağlı açıqlama verərək bildirib ki, bu gün həm Türkiyə, həm də Avropa futbolu üçün əhəmiyyətli bir qərar verilib: "İtaliya Futbol Federasiyası ilə ortaqlığımız Avropa futbolunda dostluq və əməkdaşlıq dəyərlərini əks etdirir. İnanıram ki, oxşar mədəniyyətin və köklü tarixin bir parçası olan iki Aralıq dənizi ölkəsi arasında mövcud əməkdaşlığı gücləndirəcək və futbolumuzun gələcəyi üçün mühüm körpü quracaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu