Meta ilə Kanada arasında gərginlik: Xəbərlərə giriş dayandırılacaq
Meta şirkəti Kanadadakı bütün istifadəçilər üçün Facebook və Instagram-da xəbərlərə çıxışı dayandırma prosesinə başlayıb.
Şirkətdən verilən açıqlamada bildirilir ki, bu addım ölkədəki internet nəhənglərinin xəbər nəşriyyatlarına pul ödəməsini tələb edən qanunvericiliyə cavab olaraq atılıb.
Meta-nın kommunikasiyalar üzrə direktoru Endi Stoun bildirib ki, dəyişikliklər yaxın həftələrdə həyata keçiriləcək.
Hökumətin Meta ilə işlərə cavabdeh olan naziri Pascale St-Onge bu addımı məsuliyyətsizlik kimi qiymətləndirib. O, "Meta xəbər təşkilatlarına ədalətli payı ödəməkdənsə, istifadəçilərinin keyfiyyətli, yerli xəbərlərə çıxışını rədd etməyi seçdi" - deyə açıqlama verib.
"Biz öz yerimizdə dayanmağa davam edəcəyik. Axı hökumət kanadalıları texnologiya nəhənglərinə qarşı müdafiə edə bilmirsə, kim müdafiə edəcək?" - deyə nazir qeyd edib.
Kanadanın ictimai yayımı CBC də Metanın bu addımını "məsuliyyətsiz" adlandıraraq, bunun bazar qüvvələrindən sui-istifadə olduğunu bildirib.
Kanada parlamenti tərəfindən qəbul edilən Onlayn Xəbərlər Aktı Google-un ana şirkəti Alphabet və Meta kimi platformaları məzmunlarına görə Kanada xəbər nəşriyyatları ilə kommersiya müqavilələri bağlamağa məcbur etməyi nəzərdə tutur.
Qeyd edək ki, bu, Avstraliyanın 2021-ci ildə qəbul etdiyi qanuna bənzəyir. Google və Facebook-un xidmətlərini məhdudlaşdırmaq üçün təhdidlər yaradan qanun qəbul edildikdən sonra hər iki şirkət nəhayət Avstraliya media şirkətləri ilə sövdələşmələrə getdi.