Bu yayın rekordların ən istisi olacağı proqnozlaşdırılır
Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samantha Burgess iyun və iyul aylarında qlobal temperatur rekordlarından sonra qitə zonalarının yaxın bir neçə ayda orta səviyyədən daha isti olacağının gözlənildiyini bildirib.
O, qlobal istiləşmənin yaratdığı temperatur rekordlarını, dünyada ekstremal hava hadisələrinin tezliyinin artması və okeanlarda həddindən artıq istiləşmənin səbəblərini qiymətləndirib.
Qlobal temperatur rekordları ilə atmosferdəki istixana qazı emissiya intensivliyi arasında birbaşa əlaqə olduğunu bildirən Burgess, qlobal temperaturun sənayedən əvvəlki orta göstəricidən 1,2 dərəcə yuxarı olduğunu və bunun karbon qazı və metan miqdarı ilə düz mütənasib olduğunu izah edib.
Artan tullantılar nəticəsində istilik dalğalarının yaşandığını vurğulayan Burgess bildirib ki, 2023-cü ilin iyun ayı dünyada rekord həddə çatan ən isti iyun olub: "İyulun ilk günlərində bütün zamanların ən isti günlərini və rekord temperatur dəyərlərini yaşadıq. 2016-cı ilin avqust ayındakı rekord istilər aşıldı. İyulda ən isti 3 həftəlik müddətdən sonra iyul 2023-cü il tarixdə ən isti ay oldu. Biz bu tendensiyalardan təəccüblənmirik, çünki bilirik ki, atmosferə istixana qazı emissiyalarının intensivliyi artdıqca qlobal temperatur da artacaq".
Avqustda və önümüzdəki bir neçə ayda quru sahələrində orta temperaturdan daha yüksək temperaturların yaşanacağının gözlənildiyini ifadə edən Burgess, temperaturların orta səviyyədən yüksək olmasının bütün dünyada eyni şəkildə yaşanacağı anlamına gəlmədiyini də qeyd edib.
Burgess temperatur rekordları ilə bağlı proqnozlarını belə ifadə edib: "Statistikanı hesablamaq üçün avqustun sonuna qədər gözləməliyik, lakin iyun və iyul aylarında gözləntiləri aşaraq rekord həddə çatan ən isti aydan sonra, bu yay çox güman ki, indiyədək gördüyümüz ən isti yay olacaq. İndiyə qədər keçən 7 ay, hər ay təqribən görürük ki, ilk 5 ən isti aylar arasında iyun və iyul ayları birinci yerdədir. Əgər payız və qış temperaturu Şimal yarımkürəsində bu tendensiya ilə davam edərsə, 2023-cü il şübhəsiz ki, ən isti 3 ildən biri olacaq. Lakin bu, payız və qış dövründə görəcəyimiz dəyərlərdən asılıdır".
Quru sahələrinin qlobal ortalamadan daha sürətli istiləşdiyinə diqqət çəkən Burgess, dəniz səthi istiliyinin də rekordlar qırdığını qeyd edib.
O, xüsusilə Şimali Atlantikada istilik dalğalarının baş verdiyini və bu anda isti suyun Şimali Atlantikanın qərbindən Kanada sahillərinə doğru hərəkət etdiyini söyləyib.
Ən isti dəyərlərin Aralıq dənizində dəniz səthi istiliyində qeydə alındığını ifadə edən Burgess bildirib ki, Aralıq dənizində temperatur dəyərlərinin artmağa davam edəcəyi gözlənəndir.
Burgess, dünyada El Nino şərtlərinin başladığını və Peru və Ekvador sahillərində El Nino təsiriylə dəniz səthinin istiliyinin yüksəldiyini açıqlayıb.
Bu isti suyun hazırda Sakit okean üzərindən Avstraliya və İndoneziyaya doğru irəlilədiyini ifadə edən mütxəssis "El Nino effektinin artmağa davam edəcəyini gözləyirik" - deyə qeyd edib.
Ekstremal hava hadisələrinin tezliyi və intensivliyinin dünya istiləşdikcə tədricən artacağını bildirən Burgess, "Dəqiq proqnoz vermək çətin olsa da, ekstremal hava hadisələri hər il təkrarlana bilər. Bu hadisələr heç vaxt tam olaraq eyni olmayacaq, amma biz bilirik ki, daha çox olacaq" - deyə xəbərdarlıq edib.
Bu səbəbdən o, emissiyaların sürətlə azaldılması və xalis sıfır səviyyəsinə çatdırılmasının çox vacib olduğunu vurğulayıb.
İyulda qlobal orta temperatur 16,95 dərəcəyə çatıb
Kopernik məlumatlarına görə, iyulun 6-sı 17,08 dərəcə Selsi ilə tarixin ən isti günü olub.
İyulun 1-dən 23-dək olan temperaturlara əsasən, qlobal orta temperaturun 16,95 dərəcə Selsiyə çatdığı 2023-cü ilin iyul ayı rekordların ən isti ayı olaraq qeydə alınıb. Bundan əvvəlki ən isti ay 2019-cu ilin iyulunda 16,63 dərəcə Selsi ilə qeydə alınıb.
Bu dövrdə qlobal dəniz səthinin temperaturu da 20,9 dərəcə ilə ən yüksək həddə çatmışdı.
Qlobal orta temperaturun 16,51 dərəcə olması ilə 2023-cü ilin iyun ayı rekordun “ən isti iyunu”, həmçinin 7-ci ən isti ay olub.