Yunanıstandakı yanğın türk kəndlərinə də keçib - bir nəfər ölüb
Yunanıstanın Aleksandrupoli şəhərində 3 gündür ki, söndürülməsi mümkün olmayan meşə yanğınları türklərin sıx yaşadığı bəzi kəndlərə də keçib.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, 24 saat ərzində 13 yaşayış məntəqəsi boşaldılıb.
Yanğın əsasən türklərin yaşadığı Böyük Müsellim, Çepelli, Susurköy, Narlıköy və Kozlardərə kəndlərini bürüyüb. Kəndlərdən birində evakuasiya xəbərdarlığından sonra heyvanlarını xilas etmək üçün məntəqəyə girən şəxs həlak olub. Biri könüllü olmaqla 8 nəfər tənəffüs çatışmazlığı və yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, 5 nəfər müalicə olunduqdan sonra evə buraxılıb.
Rodop əyalətində yanğının söndürülməsi səylərinə 3 təyyarə dəstək verir.
Türkiyə ilə sərhədinə yaxın Meriçdə meşə yanğınlarını hava və qurudan söndürmə işləri aparılır.
Üç gündür davam edən yanğında 9 ev və bir kilsə yanıb. Kənd təsərrüfatı sahələri külə dönüb, heyvandarlıq və arıçılıqla məşğul olan ərazilər də yanğından xeyli ziyan çəkib.
Ərazidə fövqəladə vəziyyət elan edilib.