ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında çox vacib anlaşmalar təxirə düşdü - Şahin Cəfərli


Son aylarda ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında çox vacib anlaşmalar hazırlanırdı.


AFN.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. O, qeyd edib ki, Səudiyyə Ərəbistanı tərəfindən İsrail dövlətinin rəsmən tanınması və diplomatik əlaqələrin qurulması, əvəzində Fələstin məsələsində İsrailin bəzi güzəştlərə getməsi; Səudiyyənin dinc məqsədli nüvə proqramına ABŞ-ın dəstəyi və ABŞ-ın bu ölkəyə təhlükəsizlik təminatı verməsi, əvəzində krallığın Çinlə iqtisadi və hərbi əlaqələrdə dərinə getməyərək məsafə saxlaması, neft qiymətlərində Vaşinqtonla qarşılıqlı anlaşma şəraitində siyasət yeritməsi və sair detallar müzakirə olunurdu: "Tərəflər bütün məsələləri razılaşdırmasalar belə, ciddi irəliləyişlər var idi. Məsələn, son aylar İsrailin 3 naziri müxtəlif beynəlxalq-regional toplantılarda iştirak adı altında Səudiyyə Ərəbistanına səfər etmişdi. Prosesin müsbət sonluqla bitməsi “İbrahim anlaşmaları”nın təntənəli yekunu olacaqdı.
Lakin son hadisələr bu prosesi pozmasa belə, ən azı onun aqibətini qeyri-müəyyənliyə düçar etdi. Səudiyyə Ərəbistanı hər nə qədər tamamilə öz maraqlarını güdən praqmatik siyasət aparsa da, ərəb dünyasının lider dövləti olaraq İsrailin fələstinlilərə qarşı hərbi və iqtisadi xarakterli sərt tədbirlərini görməzdən gələ bilməz".
Ş.Cəfərlinin fikrincə, HAMAS-ın törətdiyi ağır cinayətlər, İsrailin buna verdiyi və verəcəyi cavablar bölgədəki nisbi sülh atmosferini pozdu: "Planlaşdırılan razılaşmaların gündəmdən çıxmasa belə, təxirə düşdüyünü söyləyə bilərik. Burada qazanan tərəf hələ ki İrandır. (Baş verənlər Çin və Rusiyanın da maraqlarına uyğundur.) Bizim sosial mediada İrana olan aşağılayıcı münasibətin reallıqla əlaqəsi yoxdur. İran kifayət qədər ciddi dövlətdir və destruktiv (oyun pozucu) potensialı yüksəkdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu