Meksikada "Otis" qasırğası nəticəsində ölənlərin sayı 48-ə yüksəlib
Meksikanın cənubundakı Akapulko sahil şəhərinə çatan “Otis” qasırğası nəticəsində ölənlərin sayı 48-ə yüksəlib.
Gerrero əyalətinin qubernatoru Evelin Salqado verdiyi açıqlamada “Otis” qasırğası nəticəsində insan itkilərinin artdığını bildirib. Həyatını itirənlərin sayının 48-ə yüksəldiyini qeyd edən Salqado, itkin düşənlərin sayının hələlik 36 olduğunu qeyd edib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador da axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini vurğulayaraq, bölgəyə səfər edəcəyini bildirib.
Qasırğanın vurduğu Akapulko şəhərini dirçəldəcəklərini bildirən Lopez Obrador yerli hakimiyyət orqanları ilə sıx əlaqədə olduqlarını qeyd edib.
Oktyabrın 26-da 5-ci kateqoriyaya yüksələn və dağıdıcı ola biləcəyi xəbərdarlığı edilən "Otis" qasırğası səbəbindən Meksikada 39 nəfər həyatını itirib.
Qasırğa nəticəsində on minlərlə insanın evinə ziyan dəyərkən, yaşayış evləri işıqsız qalıb.