Qəzzada yaralanan fələstinlilər gəmilərə köçürülə bilər - İsrail Milli Təhlükəsizlik Şurasının sədri
İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzaçi Haneqbi bildirib ki, İsrailin blokada altındakı Qəzza zolağına intensiv bombardman etməsi nəticəsində yaralananlar Misir sərhədində qurulan səhra xəstəxanalarına və ya üçüncü ölkələrin dənizdə lövbər salacaq gəmilərinə köçürülə bilər.
Haneqbi mətbuat konfransında İsrail ordusunun blokadada olan Qəzza zolağına intensiv hücumlarından danışıb.
İsrailin Qəzza zolağındakı xəstəxanaları “Həmas və İslami Cihad”ın mərkəzləri olaraq gördüyünü, buna görə də dəstək almamalarını təmin edəcəklərini söyləyən Haneqbi, fələstinli yaralıların Misirdəki xəstəxanalara və ya gəmilərə köçürülə biləcəyini sözlərinə əlavə edib.
Haneqbi, Yəməndə İranın dəstəklədiyi husilərin İsrailə qarşı hücumları ilə bağlı heç bir güzəştə gedilməyəcəyini vurğulayıb.
İsrailin ABŞ-dan aldığı dəstəyə diqqət çəkən Haneqbi belə davam edib:
"ABŞ-ın siyasi arenada İsrailin yanında olması çox böyük töhfədir. Bu, bizə bir ay və sonrakı dövr üçün misli görünməmiş güclü antiterror əməliyyatı təşkil etməyə imkan verir".