KİV: ABŞ və Avropa İttifaqı Ukrayna-Rusiya danışıqlarının mümkünlüyünü müzakirə edir
ABŞ və Avropa İttifaqının nümayəndələri Ukrayna ilə Rusiyanın sülh danışıqlarının aparılması imkanlarını müzakirə etməyə başlayıblar.
"NBC News"un ABŞ rəsmiləri arasındakı mənbələrə istinadən verdiyi məlumata görə, bu müzakirələr zamanı Ukraynanın razılıq əldə etmək üçün nədən imtina etməli olduğu müzakirə olunub.
Nəşrin məlumatına görə, bu müzakirələrdən biri ötən ay Ukraynanın müdafiəsi üzrə təmas qrupunun Ramşteyn formatında keçirilən iclasında baş tutub. Bu müzakirələr cəbhədəki vəziyyətin, Avropa və ABŞ-dakı siyasi vəziyyətin əksidir.
Mənbələr deyirlər ki, müzakirələr ABŞ və Avropa rəsmilərinin müharibənin dalana dirənməsi və Ukraynaya yardımın davam etdirilməsi ehtimalı ilə bağlı narahatlıqları fonunda keçirilir.
ABŞ hökuməti İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri Ukraynadakı müharibəyə ictimai diqqətin nə qədər az olmasından narahatdır. Rəsmilər bu dəyişikliyin Ukraynanın əlavə yardım almasını çətinləşdirə biləcəyindən ehtiyat edirlər.
Rəsmilər həmçinin bildiriblər ki, Ukrayna sülh danışıqları ilə bağlı daha aktiv və təcili müzakirələrə başlamazdan əvvəl çox güman ki, ilin sonuna qədər və ya bir az daha vaxt keçirəcək.
Eyni zamanda iki amerikalı rəsmi bildirib ki, Bayden administrasiyasında rus diktatoru Vladimir Putinin Ukrayna ilə danışıqlara hazır olduğuna dair heç bir işarə yoxdur. Qərb və ABŞ-ın Ukraynaya dəstəyi azalanda o, hələ də hərbi qələbəyə ümid edir.