Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi: 192 bıçaq zərbəsi vurulub
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı Ziya Mansurovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
AFN.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hadisə yerinin videogörüntüsü nümayiş etdirilib.
Görüntüdə Z.Mansurov anasının qətlini əvvəlcədən planlaşdırdığını bildirib:
"Anam məni hər gün döyür, işgəncələr verirdi. Çox vaxt mənə şişlə zərbələr endirirdi. Buna görə də mən onu öldürmək qərarına gəldim. Mətbəxdən bıçağı götürüb onun yataq otağına keçdim, üstü yarıya qədər örtülü, üzüaşağı uzanmışdı. İlk bıçaq zərbəsini başından vurdum. Zərbənin təsirindən ayılandan sonra ona ard-arda zərbələr endirdim. O, yatağından qalxıb məni kənara itələyib bacılarımı çağırdı. Bacılarım otağa daxil olanda onların üstünə qışqırıb qonaq otağına qovdum. Sonra qapını bağlayıb yenidən həmin otağa qayıdıb yenidən ona zərbələr endirdim. Anam qan içində mənim otağıma qaçanda onu paltar dolabına söykəyib yenidən zərbələr endirdim. Bu vaxt anam qaçıb ayaqyoluna girib qapını bağlamaq istədi. Onun ardınca içəri girib yenidən bıçaq zərbələri vurdum. Bu vaxt o halsız vəziyyətdə yerə uzandı və məni söyməyə başladı. Bu vaxt onun boynundan zərbələr endirdim. Tam hərəkətsiz yerdə qan içində idi. Ölməyinə tam əmin olmaq üçün nəbzini yoxladım, gördüm ölüb. Daha sonra bacılarımı çağırıb dedim ki öldürdüm. Bacılarım anamın telefonu ilə əvvəl atama, sonra əmimə, daha sonra isə polisə məlumat verdilər".
Məhkəmədə məlum olub ki, hadisədən sonra evdə qan izləri dərhal silinib.
Təqsirləndirilən şəxsin bacısı Nərmin Mansurova bildirib ki, qan izlərini atası və polislərin qorxusundan siliblər.
Prokuror Rauf Malışov isə qeyd edib ki, cinayət işi üzrə əlavə şahidlərin dindirilməsinə ehtiyac var.
Zərərçəkmiş şəxsin vəkili Hikmət Xəlilov hadisədə şübhəli məqamların olduğunu bildirib və işin yenidən istintaqa qaytarılmasını istəyib:
"Cinayət işindən görünür ki, iş ətraflı araşdırılmayıb. Cinayət işində qonşular şahid qismində dindirilməyib. Bu iş ağırlaşdırıcı məqamlar var ki, həmin məqamlar araşdırılmayıb. İş istintaqa qaytarılmalı, dəlillər hərtərəfli araşdırılmalı və təqsirləndirilən şəxsə ağırlaşdırıcı maddələr verilməlidir. Qətlə yetirilən şəxsə 192 bıçaq zərbəsi vurulub. Bu işdə şübhəli məqamlar çoxdur".
Müşavirədən sonra vəsatət təmin olunub, iş üzrə əlavə şahidlərin prosesə dəvət olunması barədə qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Ziya Mansurov anası, 1977-ci il təvəllüdlü Solmaz Mansurovanı qətlə yetirməsi ilə bağlı müəyyən şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Z.Mansurov cinayəti törədən zaman məktəbli olub.