Aİ Fələstində iki dövlətli həll mesajı verdi


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrell Qəzzadakı hadisələrin Fələstin məsələsini qeyri-müəyyənlikdən çıxardığını, iki dövlətli həll üçün hazırkı situasiyanın dəyərləndirilməli olduğunu bildirib.


Yaxın Şərq səfəri çərçivəsində dünən İsrailə səfər edən Borrell Ramallahda Fələstinin baş naziri Məhəmməd Ştiyye ilə görüşüb və birgə mətbuat konfransı keçirib.

Oktyabrın 7-də HƏMAS-ın hücumunu qınadıqlarını xatırladan və İsrailin beynəlxalq hüquq çərçivəsində özünümüdafiə hüququndan istifadə etməsi lazım olduğunu bildirən Borrell, Qəzzaya humanitar yardımın çatdırılması üçün Aİ-nin münaqişələrin aradan qaldırılması çağırışını təkrarlayıb.

O bildirib ki, Qəzzada HƏMAS-a qarşı müharibə beynəlxalq ictimaiyyətin siyasi və mənəvi uğursuzluğunun nəticəsidir. "Fələstin-İsrail məsələsindəki bu uğursuzluğun əvəzini fələstinlilər və israillilər ödəyir" - deyə Borrell vurğulayıb.

Diplomat qeyd edib ki, bölgədəki zorakılığa yalnız siyasi həll son verə bilər: "Bu, iki dövlətli bir həlldir...
Bu müharibə bizə göstərdi ki, biz Fələstin problemini həll olunmamış qoya bilmərik. Biz sülhə sərmayə qoymaq və həll yoluna çalışmaq üçün hazırkı situasiyadan istifadə etməliyik. İki dövlətli həll istiqamətində siyasi prosesə beynəlxalq dəstəyi səfərbər etməliyik. Sülhə aparan yeganə davamlı yol iki dövlətli həlldir. Bunu həyata keçirmək üçün atılacaq konkret addımları müəyyən etməyin vaxtı gəlib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu