Regionlarda turizmə əmlak vergisi güzəşti ciddi dəyişikliyə səbəb olmayacaq - EKSPERT


Xəbər verildiyi kimi, gələn ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 % azaldılacaq.


Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, söhbət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvanda hotel və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisindən gedir.

Bəs bu dəyişikliklər region turizminə necə təsir edəcək? Hansısa ciddi dəyişikliklər gözlənilirmi?

“Skal Baku” klubunun sədri Ceyhun Aşurov AFN.az-a açıqlamasında bildirib ki, əslində bu, təşviq hesab olunsa da, regionlarda mərkəzlə müqayisədə vergi yükü diferensialdır: "Yəni vergi yükü əraziyə görə dəyişir. Güzəştin olmasl ümumilikdə müsbət haldır. Amma mən inanmıram ki, bu, ciddi bir dəyişikliyə səbəb olacaq, sahibkarlarda böyük stimul yaradacaq. Sənəddə güzəştin məhz sahibkarlıq fəaliyyəti dayandırılmadıqda tətbiq olunacağı qeyd edilib. Yaxşı olar ki, güzəştin miqdarı və tətbiq dairəsi genişləndirilsin, çeşidli güzəştlər olsun. Çünki burda nəzərdə tutulan əmlak vergisi sahibkarlar üçün böyük bir yük deyildi. Ümumilikdə götürəndə bunu təşviq hesab etmək olar. Gələcəkdə bu cür tədbirlərin sayı artırılsa, sahibkarlıq fəaliyyətinə ciddi təsiri ola bilər və bu istiqamətdə fəaliyyəti stimullaşdırmış olarıq. Xüsusən belə bir güzəşt edilərsə, regionlarda sahibkarlıq fəaliyyətinə marağı, yatırımları artırmağa səbəb ola bilər".



C.Aşurovun sözlərinə görə, daha stimullaşdırıcı güzəşt mənfəət vergisi ilə bağlı ola bilər: "Regionlarda mənfəət və digər vergilərdən güzəştlər olsa daha yaxşı olar. Belə olan halda işsizliklə bağlı da yaxşı nəticələr əldə etmək mümkündür. Bu, bir sıra xarici ölkələrin təcrübəsində də var. Söhbət turizmdən gedirsə, belə güzəştlər həmin bölgənin daha çox investisiya cəlb etməsinə, bu isə öz növbəsində məşğulluğun artmasına gətirib çıxara bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu