Dünya Sağlamlıq Turizmi Şurası Şimali Kiprdə yeni prezidentini seçdi
Şimali Kipr Türkiyə Cümhuriyyətində (ŞKTC) Dünya Sağlamlıq Turizm Şurasının (GHTC) 6-cı zirvə toplantısı keçirilib.
50 ölkədən 300-dən çox təmsilçinin iştirakı ilə baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən GHTC hazırkı dönəm prezidenti Ahmet Savaşan Şimali Kiprin dünya səviyyəli xidmət göstərən bir sağlamlıq turizmi adası olduğunu xatırladaraq bildirib ki, sağlamlıq turizmi beynəlxalq sülhə dəstək verən bir işdir.
GHTC-nin qurucu prezidenti Emin Çakmak ABŞ-ın 2013-cü ilə qədər sağlamlıq turizminə istiqamət verdiyini və Türkiyənin 2013-cü il Monako toplantısı ilə buna son qoyduğunu bildirib: “Türkiyənin rəhbərliyi ilə Monakoda keçirilən Dünya Turizm Şurasının təsis toplantısına 38 ölkəni dəvət etdik. 2013-cü ilin mart ayında 12 qurucu ölkə ilə GHTC ilə dünya sağlamlıq turizminə rəhbərlik etdik. Daha sonra Brüsseldə Avropa Birliyi tərəfindən akkreditasiyadan keçərək beynəlxalq status qazandıq. Hazırda 58 üzvümüz var. Şimali Kiprin GHTC-yə qəbul edilməsi üçün uzun bir yol keçmişik. Bu, Şimali Kipri dünyaya tanıtmaq üçün əhəmiyyətli bir iş idi. Hazırda GHTC-nin keçmiş prezidentləri Dr. Fəvzi Əl-Hammouri, Layla Əl Marzouqi, Ruslan Quliyev, Violetta Janyshevska, Milijenko bizimlədir. Bu gün Baş Assambleya yeni prezidenti seçəcək. Üç namizəd var: Səudiyyə Ərəbistanından Əhməd Alaraij, Almaniyadan Lutz Lungwitz və Moldovadan Natali Ciobani”.
Tədbirdə iştirak edən Şimali Kipr Türkiyə Cümhuriyyətin Prezidenti Ersin Tatar bildirib ki, doğru müəssisə, doğru xəstəxana və doğru tibb işçisi olmadan sağlamlıq olmaz. Onun sözlərinə görə, ŞKTC hər cür siyasi maneələrə baxmayaraq dünyaya səhiyyə xidməti göstərir. Prezident çıxışını “Sağlamlıq turizmində yaradılan birliklə biz insanlığa sülh dərsi verməliyik” sözləri ilə yekunlaşdırıb.
Tədbir çərçivəsində Dünya Sağlamlıq Turizm Şurasının keçmiş fəxri prezidentlərinin panel müzakirələri baş tutub. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev 2018-2020-ci illərdə Azərbaycanın quruma sədrliyi dövründə ölkədə keçirilən tədbirlərin, layihələrin əhəmiyyətini qeyd edib və Azərbaycanın sağlamlıq turizmi imkanlarının dünyaya tanıtdırılması istiqamətində önəmli rolunu qeyd edib.
Toplantının sonunda Moldovanın namizədi Natali Ciobani Dünya Sağlamlıq Turizm Şurasının 2024-2026-cı illər üçün başkanı seçilib.
FƏXRİYYƏ