Mənimsəmədə təqsirləndirilən baş redaktor: Halallıq istəyirəm
Mənimsəmə, dələduzluq və rüşvət almaqda ittiham olunan Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan məktəbi" jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov və digərləri - Gözəl Mustafayeva, Amal Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə veriblər.
Şahid Tural Bahadurzadə bildirib ki, dostu Aqşin Orucluya yaxın adamlarının iş axtardığını deyib: "Aqşin dedi ki, bu məsələdə köməklik göstərə bilər. Bu məqsədlə beş min manat Aqşinə verdim. Rahil Nəcəfovun Təhsil Nazirliyində şöbə müdiri olduğunu bilirdim".
Məhkəmə iclasında şahid qismində dindirilən Aqşin Oruclu deyib ki, Tural Bahadurzadə onun iş yoldaşı olub. Ona yaxın adamının iş axtardığını və bununla bağlı kömək istədiyini deyib. Əmisinin əlaqələri geniş olduğu üçün bu məsələdə əmisindən kömək istəyib.
"Turalın xahişi ilə əlaqədar əmimlə danışdım. Əmim üç gün sonra mənə dedi ki, Təhsil Nazirliyinin redaksiyasında dostu var. O, Turalın yaxınını operator vəzifəsinə düzəldə bilər. Bunun üçün ondan 5 min manat pul istəmişdilər. Məsələni Turala danışdım. Daha sonra həmin pulu Turalın qardaşından götürüb əmimə verdim. O da Rahilə çatdırdı", - şahid deyib.
Digər şahid Vasif Zayidovun sözlərinə görə, bir dostu ondan oğlunu işə düzəltməyə köməklik göstərmək üçün xahiş edib. O, bu məsələdə tanışı Çingiz Bağırova müraciət edib.
"Çingiz Təhsil Nazirliyində şöbə müdiri işləyən Rahil adlı şəxsi tanıdığını dedi. Rahil müəllimlə görüşdük. O, dostumun oğlunu işə düzəltmək üçün sənədlərini istədi və müəyyən adamlara təqdim etdikdən sonra nəsə deyə biləcəyini bildirdi. Daha sonra Rahil müəllim dostumun oğlunu işə düzəltmək üçün beş min manat pul istədi", - V.Zayidov bildirib.
Şahid vurğulayıb ki, o, dostunun oğlunu işə düzəltmək üçün pulu öz cibindən verib. Ona dəymiş ziyanı istəmir və məhkəmədə zərərçəkmiş kimi tanınmaqdan imtina edir.
Müttəhim R.Nəcəfov deyib ki, Amal Həsənli ona vergi məsələlərində problem yarandığını və bununla bağlı pul lazım olduğunu bildirib:
"Ona görə də aldığım pulun çoxunu Amala verdim. Məhkəmədə zərərçəkmiş kimi tanınan V.Zayidov ona dəymiş ziyanı istəmir. Ona görə də mən ondan halallıq istəyirəm".