Peloponnes yarımadasındakı yanğınla əlaqədar kəndlər boşaldılır
Yunanıstanın Peloponnes bölgəsindəki meşə sahəsində yanğın üç gündür ki, davam edir.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bölgədəki Sofiana və Rethi kəndlərinin boşaldılması elan edilib.
Həmin kəndlərin sakinləri bu gün səhər saatlarında Mülki Müdafiə xidmətlərindən mobil telefonlarına ərazini boşaltmaları barədə mesaj alıb.
Bir çox cəbhələrdə davam edən və yaşayış məntəqələrinə yaxınlaşan yanğınla mübarizə zamanı 2 yanğınsöndürən yaralanıb.
Dünən yanğının söndürülməsində könüllü iştirak edən 35 və 40 yaşlı iki yerli sakinin yanğın nəticəsində həlak olduğu müəyyən edilib.
Peloponnes yarımadasındakı Ksilokastro yaxınlığında bazar günü başlayan meşə yanğınının söndürülməsi üçün səylər həm havadan, həm də qurudan davam edir.
Bölgədə hökm sürən güclü külək səbəbindən yanğınsöndürənlər, yerli əhali və könüllülərin dəstəyi ilə yanğının söndürülməsi işləri çətinliklə davam edir.