NATO ABŞ-ın Amerika silahlarına məhdudiyyətlərindən ehtiyat edir

NATO-nun şərq cinahında yerləşən ölkələr ABŞ-ın Amerika silahlarının istifadəsini məhdudlaşdıra biləcəyindən və bunun da alyans ölkələrinin potensial müstəqil hərbi əməliyyatlar keçirməsinə mane ola biləcəyindən narahatdırlar.
AFN.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin Ukrayna ərazisindən Amerikanın uzaqmənzilli silahları ilə Rusiyaya zərbələr endirmək üçün “yaşıl işıq” yandırmamaq qərarları alyansın şərq sərhədində yerləşən dövlətlərin liderlərinin yaddaşında hələ də təzədir. Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsbergis deyib ki, NATO-nun şərq cinahında yerləşən hər bir ölkə özünü Ukraynanın yerinə qoyur və ABŞ-ın münasibətinin eyni olacağını başa düşür.
Adını açıqlamayan ABŞ rəsmisi hesab edir ki, bu ölkələrin narahatlığı haqlıdır. Jurnal yazır ki, ilk növbədə, ABŞ-ın Avropada F-35 qırıcıları və ya "Patriot" zenit-raket kompleksləri kimi hərbi texnikanın istifadəsini məhdudlaşdırması ehtimalı narahatlıq doğurur.